Yuxarı

​"Meqa İslam Bankı" 10 mlrd. dollar kapitalla işə başlayacaq

Bankın İstanbul və Cakartada iki mərkəzə sahib olması gözlənilir

Bakı. 12 may. REPORT.AZ/ Faizsiz bankçılıq sektorunu maliyyələşdirəcək "Meqa İslam Bankı"nın 10 mlrd. dollar kapitalla yaradılması planlaşdırılır. 

"Report"un Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi xəbərə görə, Bank hələ işə başlamasa da, artıq Türkiyə və İndoneziya arasında mübahisələrə səbəb olub. Bankın mərkəzi ofisinin İstanbulda, yoxsa İndoneziyanın paytaxtı Cakartada olmasına qərar verilə bilinmədiyindən hazırda iki bankın qurulması variantı təhlil edilir. Son qərarın Türkiyə baş nazirinin müavini Mehmet Şimşəyin Cakartaya səfərindən sonra verilməsi gözlənilir. Qeyd edək ki, iki bankın qurulması fikri İndoneziya, Türkiyə və İslam İnkişaf Bankı tərəfindən Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun illik toplantısında irəli sürülüb.

Qeyd edək ki, Türkiyə faizsiz bankçılığa dəstək olması üçün bir müddətdir İslam İnkişaf Bankı ilə "Meqa İslam Bankı"nın qurulması layihəsi üzərində iş aparıb. M.Şimşəyin açıqlamalarına görə, veriləcək qərardan asılı olmayaraq, bu il bankın qurulması prosesi sona çatacaq. Baş nazirin müavini Cakartada qurulacaq bankın Asiya bölgəsinə, İstanbulda qurulacaq bankın isə dünyanın digər hissəsinə xidmət edəcəyini qeyd edib. Əldə olunan məlumatlara görə, İstanbulda qurulacaq "Meqa İslam Bankı"na Türkiyə ilə birlikdə Qətər, Səudiyyə Ərəbistanı və bir neçə Fars körfəzi ölkəsinin ortaq olacağı bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda İslam bankçılığının yaradılmasına ehtiyac olmadığını açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi