Bakı. 19 yanvar. REPORT.AZ/ Meksika pesosunun məzənnəsi ABŞ-ın yeni prezidenti Donald Trampın inauqurasiya mərasimi öncəsi tarixi minimal səviyyəyə enib.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, yanvarın 18-də MXN/USD nisbəti 22-ni keçib.
Pesonun ucuzlaşmasına səbəb maliyyə bazarlarının D.Trampın antimeksikan ritorikasından ehtiyat etməsidir. Bu, ilk növbədə ABŞ, Kanada və Meksikanın daxil olduğu NAFTA sərbəst ticarət zonası anlaşmasının gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaradır.
Maliyyə bazarları D. Trampın inauqurasiya mərasimindən sonra ABŞ-ın imzaladığı ticarət anlaşmalarını yenidən gözdən keçirəcəyini və bir sıra proteksionist qərarlar verərək qloballaşmanı əngəlləyən nəticələr əldə edəcəyini proqnozlaşdırırlar. Bu isə öz növbəsində qlobal ticarətin həcmini azaldaraq dünyadakı iqtisadi artımı zəiflədə bilər.