"McKinsey": ​Yüksək gəlirlik dövrü geridə qalıb

"McKinsey": ​Yüksək gəlirlik dövrü geridə qalıb Nəticə: İnsanlar xərclərinə daha qənaətlə yanaşacaq, bu isə iqtisadi inkişafı zəiflədəcək
Maliyyə
4 May , 2016 19:04
McKinsey: ​Yüksək gəlirlik dövrü geridə qalıb

Bakı. 4 may. REPORT.AZ/ Qlobal bazarlarda səhm və istiqrazların yüksək gəlir gətirdiyi dövr artıq geridə qalıb. "Report" xəbər verir ki, "McKinsey" maliyyə institutunun rəyinə əsasən, səhm və istiqrazların gəlirliyi yaxın 20 ildə azalmağa davam edəcək və bu, insanların xərclərinə daha qənaətlə yanaşmasına səbəb olacaq. İnstitutun dərc etdiyi məruzədə bildirilir ki, ABŞ və Avropa İttifaqı (Aİ) maliyyə bazarlarının iki istiqamətdə inkişaf edəcəyi ehtimal olunur. Birincisi, bu bölgələrdə iqtisadi artım indiki yavaş templə davam edə, ikincisi isə yeni texnologiyalar və elmi kəşflər sayəsində güclü iqtisadi artım müşahidə oluna bilər. Lakin hər iki halda investorların gəlirləri bir daha son 30 ildə olduğu kimi olmayacaq.

"McKinsey" son 30 ilin investorlar üçün "qızıl dövr" olduğunu qeyd edib. Belə ki, yaxın 20 ildə Amerika və Avropa bazarlarında qiymətli kağızların gəlirliyində 1,5-4% azalma proqnozlaşdırılır. Araşdırma iştirakçılarından olan Syuzen Lundun verdiyi açıqlamaya görə, çıxış yolu ev təsərrüfatlarının xərclərə qənaət etməsindədir ki, bu da öz növbəsində iqtisadi artım səviyyəsini aşağı salacaq.

Proqnozlara əsasən, son 30 ildə orta hesabla illik 6,5% gəlir əldə edən investorun yaxın 20 ildə 4,5%-lik gəlir əldə etməsi üçün 7 il daha artıq çalışması və ya 2 dəfə çox vəsait toplaması tələb olunur.

Son 30 ildə ABŞ səhmlərinin illik gəlirliyi bu ölkənin son 100 il üçün orta statistik göstəricisindən 1,4%, Avropada isə 3% artıq olub. İstiqrazlar üzrə illik gəlirlik isə eyni dövrdə ABŞ-da 3,3%, Avropada isə 4,2% çox olub.

"McKinsey" institutunun araşdırmalarına görə, azalan və hətta mənfi dərəcə təşkil edən faiz göstəriciləri ev təsərrüfatlarının istehlakını azaldacaq. Pensiya fondlarında böyük həcmdə kəsir yaranacaq. Belə ki, hazırda pensiya fondlarının kəsiri 1,2 trln. dollara bərabərdir və bu rəqəmin 2 trln. dollara qədər artması ehtimal edilir. 

Son xəbərlər

Orphus sistemi