​Manat FES-in faiz artımı qərarına qədər möhkəmlənəcək - PROQNOZ

​Manat FES-in faiz artımı qərarına qədər möhkəmlənəcək - PROQNOZ AZN/USD məzənnəsində son 6 iş günündə 2,95% möhkəmlənmə qeydə alınıb
Maliyyə
19 Mart , 2016 10:01
​Manat FES-in faiz artımı qərarına qədər möhkəmlənəcək - PROQNOZ

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycan manatının dollarla müqayisədə məzənnəsinin ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz artımı qərarına qədər möhkəmlənəcəyi proqnozlaşdırılır. 

"Report" xəbər verir ki, martın 16-da keçirilən iclasda FES uçot dərəcələrini aprel və ya iyunda artıracağı siqnalını verib. Açıqlamalardan sonra qlobal maliyyə bazarlarında müsbət əhval-ruhiyyə yaranıb, dolların məzənnəsi isə demək olar ki, bütün dünya valyutaları ilə müqayisədə zəifləyib. 

"Report"un analitik qrupu qlobal maliyyə bazarlarında müsbət tendensiyanın FES-in faiz artımı qərarına qədər davam edəcəyini hesab edir. AZN/USD məzənnəsinin də FES-in aprel və ya iyun iclasına qədər neft qiymətlərinin artması fonunda möhkəmlənməsi gözlənilir. Qeyd edək ki, Azərbaycanda 1 ABŞ dollarının rəsmi məzənnəsi martın 11-də maksimal həddə - 1,6456 çatdıqdan sonra manat möhkəmlənməyə başlayıb və bu gün, martın 19-na məzənnə 1,5971 AZN/USD təşkil edib. Bununla da AZN/USD məzənnəsində son 6 iş günündə 2,95% möhkəmlənmə qeydə alınıb.

"Report" hesab edir ki, manatın dollarla müqayisədə məzənnəsinin 1,45-1,50 diapazonuna qədər gerilədikdən sonra bu səviyyələrdə qalması və FES-in uçot dərəcələrini artırmasından sonra qlobal maliyyə bazarlarında dəyişiklikləri müşahidə edərək hərəkət etməsi proqnozlaşdırılır. FES-in monetar siyasəti dəyişdirdikdən sonra qlobal maliyyə bazarları dolların möhkəmlənməsi fonunda yenidən mənfi tendensiyaya geri dönə bilər. Belə olduğu halda manatın da yenidən ilin sonuna doğru zəifləyəcəyi və AZN/USD məzənnəsinin 1,70-1,75 səviyyəsinə yüksələcəyi istisna edilmir. 

Son xəbərlər

Orphus sistemi