Bakı. 9 iyun. REPORT.AZ/ “Maliyyə Resurs Mərkəzi” QSC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 1,176 mln. manat təşkil edib.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 12,5% azdır.
“Maliyyə Resurs Mərkəzi”nin aktivlərinin 80%-ni və yaxud 941 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2016-cı ildə BOKT-un kredit portfeli 16,6% kiçilib.
Ötən il “Maliyyə Resurs Mərkəzi”nin cəmi öhdəlikləri və o cümlədən cəlb etdiyi borc vəsaitləri 16,4% azalaraq müvafiq olaraq 925 min manat və 921 min manat, cəmi kapitalı isə 5,5% artaraq 251 min manat təşkil edib.
BOKT 2016-cı ildə 12 min manat xalis zərərlə başa vurub. Bu 2015-ci ilə nisbətən 26,4% çoxdur.
Xatırladaq ki, "Maliyyə Resurs Mərkəzi” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.