Maliyyə Nazirliyinin “Tədbirlər planı” təsdiq edilib

Maliyyə Nazirliyinin “Tədbirlər planı” təsdiq edilib ​Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib
Maliyyə
11 Dekabr , 2015 19:42
Maliyyə Nazirliyinin “Tədbirlər planı” təsdiq edilib

Bakı. 11 dekabr. REPORT.AZ/ Maliyyə Nazirliyində 2016-cı ilin dövlət büdcəsi ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

"Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, maliyyə naziri, kollegiyanın sədri Samir Şərifov bildirib ki, 2016-cı ilin büdcəsində qlobal iqtisadi proseslərin Azərbaycanın iqtisadi inkişafına da təsirləri, o cümlədən ölkənin valyuta daxilolmalarının və tədiyyə balansının müsbət saldosunun azalması, milli valyutanın qismən dəyərsizləşməsi, iqtisadi artım sürətinin zəifləməsi, Azərbaycana məxsus “Azəri Layt” markalı neftin orta satış qiymətinin kəskin azalması meyilləri nəzərə alınıb.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin hökumət qarşısında qoyduğu vəzifələrə əsasən, növbəti illərdə qeyri-neft gəlirlərinin büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, iqtisadiyyatın müxtəlif sahələrinə vergi və gömrük ödənişləri üzrə tətbiq edilən vergi güzəştlərinə yenidən baxılaraq onların məhdudlaşdırılması, eyni zamanda iaşə və ticarətdə, habelə inşaat sektorunda tətbiq edilən vergilərin sadələşdirilməsi, bununla da sahibkarlığın fəallığına əlavə təkan verərək, dövlət büdcəsinə hesablanmış vergilərin yığım faizinin artırılması kimi tədbirlərin görülməsi dövlət büdcəsinin gəlirləri üzrə müəyyən edilmiş siyasətin əsas parametrlərini təşkil edir ki, artıq bu istiqamətdə müəyyən addımlar atılır.

Nazir 2016-2019-cü illərdə qarşıda duran mühüm vəzifələr sırasında qeyri-münbit xarici mühit şəraitində, həmçinin dövlət və icmal büdcələrin gəlir və xərclərinin azalması fonunda, sosial prioritetliyə üstünlük verilməklə fiskal yığcamlaşdırma siyasətini həyata keçirmək, iqtisadiyyatın dayanıqlığını təmin etməklə, onun aparıcı sahələrinin modernləşməsini və şaxalənməsini davam etdirmək, dövlət sektorunda xərclərin səmərəliliyini artırmaq, dövlət və icmal büdcələrin cari və əsaslı xərclərinin idarə olunmasını təkmilləşdirməyi qeyd edib. Eyni zamanda, dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklərin, əsas dövlət proqramlarının, təhsil, səhiyyə, sosial, mədəniyyət layihələrinin, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi üçün maliyyə təminatı yaratmaq, pensiya təminatı üzrə maliyyə dayanıqlılığını daha da artırmaq növbəti ildə də prioritet vəzifələr sırasına daxil edilib.

Dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin daha da artırılmasının vacibliyini qeyd edən Kollegiyanın sədri nazirliyin aidiyyəti struktur bölmələri, rayon və şəhər üzrə maliyyə orqanları üçün 2016-cı il dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli gəlirləri üzrə nəzərdə tutulmuş daxilolmaların artırılması, Dövlət başçısının tapşırıqlarına uyğun olaraq,müdafiə olunan və onlara bərabər tutulan xərclər istisna olmaqla, prioritetlik daşımayan xərclər üzrə qənaət rejiminin tətbiq edilməsi və büdcə təşkilatlarında israfçılığa qarşı sərt tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Nazir qeyd dib ki, cari ildə müdafiə olunan xərclər üzrə, o cümlədən əmək haqqı, sosial müavinətlər, pensiya, təqaüd, və digər sosial ödənişlərin vaxtı-vaxtında maliyyələşdirilməsi təmin ediləcək.

Kollegiya iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun, həmin qanunun tətbiqi ilə bağlı müvafiq fərmanla Maliyyə Nazirliyinə verilmiş tapşırıqların yerinə yetirilməsini təmin etmək məqsədilə görüləcək işlərə dair “Tədbirlər planı”nı təsdiq edilib.

İclasın yekununda maliyyə naziri Samir Şərifov cari ilin sonuna az vaxt qaldığını nəzərə alaraq, maliyyə və xəzinə orqanlarına dövlət büdcəsinin gəlirlərinin icrasının təmin edilməsi, müdafiə olunan və onlara bərabər tutulan digər xərclərin maliyyələşdirilməsinin tam həyata keçirilməsi, bu istiqamətdə büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarla əlaqəli işin daha da gücləndirilməsi və beləliklədə 2015-ci ilin uğurla başa çatdırılması üçün konkret tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi