Yuxarı

Maliyyə Nazirliyinə ötən il sığorta ödənişləri ilə bağlı 717 şikayət daxil olub

Şikayətlərin 121-də mübahisəli məqamlar olduğu üçün sığortalılara məhkəmə qaydasında problemin həlli məsləhət görülüb

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyinə 2014-cü il ərzində sığorta ödənişləri ilə bağlı vətəndaşlar tərəfindən 717 şikayət daxil olub. Bu şikayətlərin 684-ü ötən il icra olunub, 33-ü isə 2015-ci ilə keçib və hazırda icradadır. "Report"un məlumatına görə, bu barədə Nazirliyin Dövlət Sığorta Nəzarəti Xidmətinin şöbə rəisi Mahir Abdullayev məlumat verib.

Araşdırmalar nəticəsində 123 şikayətin əsaslı olduğu müəyyən edilib və nəticədə, sığorta şirkətləri tərəfindən sığortalılara təxminən 367 min manatdan çox ödənişin həyata keçirilməsi təmin edilib.

Ümumilikdə 439 şikayətin əsası olduğu müəyyənləşdirilib, 121 şikayət üzrə mübahisəli məqamlar olduğu üçün sığortalılara məhkəmə qaydasında problemin həlli məsləhət görülüb, 1 şikayət isə sığorta ilə bağlı olmadığı üçün aidiyyəti orqanlara göndərilib.

Nazirlik rəsmisi qeyd edib ki, şikayətlərin sayında hər il artım müşahidə olunur və bu, nəqliyyat vasitələrinin qəzalarının artması ilə bağlıdır: "Çünki şikayətlərdə, əsasən kasko sığortası üzrə şikayətlər üstünlük təşkil edir. Sığorta ödənişlərindən imtinanın səbəbləri arasında avtomobilin digər şəxs tərəfindən idarə olunması, hadisə barədə sığorta şirkətinə vaxtında məlumat verilməməsi amilləri var".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi