Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycanın “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanununa əsasən, QHT-lər illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidir.
"Report"un verdiyi xəbərə görə, bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Məlumat üçün bildirək ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə, İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub. Belə ki, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və sığorta nəzarəti orqanına təqdim edilməli olan digər hesabat və məlumatların qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmasına görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək miqdarda, hüquqi şəxslər 1 500 manatdan 2 000 manatadək miqdarda cərimə edilir.