Maliyyə Nazirliyi kommersiya təşkilatlarına və publik hüquqi şəxslərə xəbərdarlıq edib

Maliyyə Nazirliyi kommersiya təşkilatlarına və publik hüquqi şəxslərə xəbərdarlıq edib Publik hüquqi şəxslər hesabat dövrü başa çatdıqdan sonra illik maliyyə hesabatlarını növbəti ilin 30 aprelindən təqdim etməlidir
Maliyyə
14 Aprel , 2017 08:51
Maliyyə Nazirliyi kommersiya təşkilatlarına və publik hüquqi şəxslərə xəbərdarlıq edib

Bakı. 14 aprel. REPORT.AZ/ “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci və 12-1.8-ci maddələrinə uyğun olaraq dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin dövlət büdcəsindən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vəsait ayrılan kommersiya təşkilatları və publik hüquqi şəxslər (dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsi, uşaq evləri sosial xidmət müəssisəsi, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi, ümumtəhsil məktəbi, ilk peşə-ixtisas təhsili müəssisəsi, orta ixtisas təhsili müəssisəsi, ali təhsil müəssisəsi, xüsusi təhsil müəssisəsi və ailə tipli kiçik qrup evi istisna olmaqla) illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim edirlər. Adıçəkilən Qanunun 12.3-cü maddəsinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə bu Qanunun 12.2-ci maddəsində qeyd olunan kommersiya təşkilatlarından, həmçinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən, habelə nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan və sözügedən Qanunun 12-1.8-ci maddəsində göstərilən publik hüquqi şəxslərdən internet səhifəsi olduqda, illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, həmin təşkilatın internet səhifəsində və mətbu orqanda dərc etdirməsi tələb olunur.

"Report" xəbər verir ki, bu, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ictimai əhəmiyyətli qurumların, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarına və publik hüquqi şəxslərə etdiyi xəbərdarlıqda deyilir.

Qanunun 12-1.5-ci maddəsinə əsasən publik hüquqi şəxslər hesabat dövrü başa çatdıqdan sonra, illik maliyyə hesabatlarını növbəti ilin aprel ayının 30-dan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını isə, növbəti ilin iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.

Eyni zamanda bu Qanunun 12-1.6-cı maddəsinə uyğun olaraq publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tabe olduğu yuxarı təşkilata və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən publik hüquqi şəxsə, habelə qanunla və nizamnamələri ilə müəyyən edilmiş şəxslərə, bunlar olmadıqda isə təsisçiyə təqdim edirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları"nın 3.1-ci bəndinə uyğun olaraq kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.

Həmin Qaydaların 3.4-cü bəndinə əsasən kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Maliyyə Nazirliyinə verilir.

Son xəbərlər

Orphus sistemi