Maliyyə Nazirliyi kommersiya təşkilatlarına və publik hüquqi şəxslərə xəbərdarlıq edib

Maliyyə Nazirliyi kommersiya təşkilatlarına və publik hüquqi şəxslərə xəbərdarlıq edib Nazirlik onlara auditdən keçməyi tövsiyyə edib
Maliyyə
26 Yanvar , 2018 12:12
Maliyyə Nazirliyi kommersiya təşkilatlarına və publik hüquqi şəxslərə xəbərdarlıq edib
Report

Bakı. 26 yanvar. REPORT.AZ/ Maliyyə Nazirliyi kommersiya təşkilatlarına və publik hüquqi şəxslərə maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində yerləşdirilmədiyi və auditdən yayındıqları halda onların cəzalandırılacağı ilə bağlı xəbərdalıq edib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir. 

Qurumun müraciətində bildirilir ki, "Auditor xidməti haqqında” qanunun 2-ci maddəsinə uyğun olaraq audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.

Mülki Məcəlləsinin 91.4-cü maddəsinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit).

Mülki Məcəllənin 107.6-cı maddəsinə uyğun olaraq səhmdar cəmiyyəti illik maliyyə hesabatının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur.

“Mühasibat uçotu haqqında” qanunun 12.3-cü maddəsinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan, birləşdirilmiş maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından illik maliyyə hesabatlarının və birləşdirilmiş maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə təşkilatın internet səhifəsi olduqda, həmin təşkilatın internet səhifəsində və mətbu orqanda dərc etdirməsi tələb olunur.

Eyni zamanda “Mühasibat uçotu haqqında” qanunun 12-1.9-cu maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən, habelə nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və ya mətbu orqanda dərc edirlər.

İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 - 600 manat, hüquqi şəxslər isə 1 500-2 500 manat cərimə edilir.

Son xəbərlər

Orphus sistemi