Yuxarı

​Maliyyə Nazirliyi 3,1 mln. manatlıq yeyinti faktı aşkar edib

Ümumilikdə 428 nəfər vəzifəli şəxs cərimələnib və cərimə məbləğlərinin dövlət büdcəsinə ödənilməsi təmin edilib

Bakı. 24 iyul. REPORT.AZ/ Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən, tərtib olunmuş iş planına uyğun olaraq bir neçə qurumda yoxlamalar aparılıb. 

"Report"un məlumatına görə, Səhiyyə Nazirliyinin Qax Mərkəzi Rayon Xəstəxanasına, Gənclər və İdman Nazirliyinin Qobustan Rayon Gənclər və İdman İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə ikinci Layihə”nin 2011-2014-cü illərdə icrası vəziyyəti və s. yoxlanılıb.

Qeyd olunanlarla bərabər, nəzarət tədbirləri nəticəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 204-1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri qismində cərimələr tətbiq edildiyi, ümumilikdə 428 nəfər vəzifəli şəxs 263,8 min manat məbləğində cərimə edildiyi və həmin cərimə məbləğlərinin dövlət büdcəsinə ödənilməsi təmin edildiyi açıqlanır.

Bununla yanaşı, əvvəlki dövrlərdə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılmış yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin 21,85 min manatının dövlət büdcəsinə bərpası təmin edilib.

Göstərilənlərdən əlavə, Baş Prokurorluğun məktubları ilə Maliyyə Nazirliyinə göndərilmiş qərarlarda və həmin məktublarda göstərilən sahə və suallar Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən yoxlanılıb və cəmi 450,21 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.

Qeyd edək ki, aşkar edilmiş nöqsanların xeyli hissəsi nəzarət tədbirlərinin gedişində aradan qaldırılıb, artıq və əsassız ödənişlərin əsas, yəni 3099,43 min manatlıq hissəsi təqsirkar şəxslər tərəfindən büdcəyə bərpa edilməsi təmin edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi