Yuxarı

Maliyyə naziri manatın məzənnəsinin sabitləşməsi üçün görülən tədbirləri açıqlayıb

“Bu iki vəzifə həll olunduqca manat nəinki ucuzlaşacaq, hətta gələcəkdə bunun bir qədər möhkəmlənəcəyini söyləmək üçün əsaslar yaranacaq”

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Ölkəyə xarici valyutada daxilolmalar və ölkədən çıxarılan valyutanın həcmində müəyyən tarazlıq baş verdikdə manat öz ədalətli məzənnəsini tapacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib. 

Azərbaycanın bazar iqtisadiyyatında yaşadığını xatırladan nazir vurğulayıb ki, buna uyğun olaraq manatın məzənnəsi öz həllini tapacaq: "Mərkəzi Bank da prosesi yaxından izləyir, lazım gəldikdə müdaxilələr edir. Ölkəyə valyuta daxilolmaları və ölkədən çıxarılan valyutanın həcmində müəyyən tarazlıq baş verməlidir. Tarazlıq baş verdikdə manat öz ədalətli məzənnəsini tapacaq".

Onun sözlərinə görə, hazırda valyutada daxilolmalar azalıb, buna baxmaraq Mərkəzi Bank tərəfindən keçirilmiş 2 devalvasiya nəticəsində manatın məzənnəsinin ədalətli məcraya salınması yolunda işlər görülüb: "Bu proses bir neçə amildən aslıdır. Bizim əsas ixrac məhsulumuz sayılan neftin qiymətinin yüksək olması manatın məzənnəsinə müsbət təsir edəcək, möhkəmlənəcək. Neftin qiyməti azaldıqda isə əksi baş verir. Bu gün çalışmalıyıq ki, idxal əməliyyatları azalsın, daha çox öz məhsullarımızdan istifadə edək".

Nazir bildirib ki, hökumətə idxalın əvəzləşdirilməsi, ölkədə əvəzedici istehsalın yartadılması tapşırılıb: "Bu idxaldan asılılğı azaldacaq. Ölkədən xarici valyutanın çıxmasının qarşısını alacaq. Digər tərəfdən, çalışmalıyıq ki, ölkəyə daha çox valyuta daxil olsun. Neft ənənəvi ixcrac məhsulumuz olaraq qalacaq. Bununla yanaşı çalışmalıyıq ki, daha geniş çeşiddə ixrac məhsullarımızı xarici bazarlara çıxaraq. Bu iki vəzifə həll olunduqca manat nəinki ucuzlaşacaq, hətta gələcəkdə bunun bir qədər möhkəmlənəcəyini söyləmək üçün əsaslar yaranacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi