Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnamə fondu 5 milyon manat olacaq

Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnamə fondu 5 milyon manat olacaq Palata hər il Azərbaycan Prezidentinə hesabat təqdim edəcək
Maliyyə
12 Mart , 2016 09:51
Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnamə fondu 5 milyon manat olacaq

Palata hər il Azərbaycan Prezidentinə hesabat təqdim edəcək

Bakı. 12 mart. REPORT.AZ/ Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiq edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinə əsasən, Palata Vergi Məcəlləsində onun üçün nəzərdə tutulmuş vergi güzəştlərinə malikdir.

Palata öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Publik hüquqi şəxslər haqqında” qanunu, ölkənin digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.

Palata sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Onun əsas məqsədi mənfəət götürmək deyildir. Palatanın fəaliyyəti nəticəsində əldə olunan vəsaitlər (gəlirlər) onun fəaliyyətinin təmin edilməsinə yönəldilir.

Palata publik hüquqi şəxsdir və bu Nizamnamə ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyət göstərir. Palata müstəqil balansa, sərəncamında olan əmlakına, banklarda, o cümlədən Azərbaycan Respublikasının Mərkəzi Bankında hesablara, habelə xəzinə hesablarına, üzərində öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

Palatanın nizamnamə fondu 5 milyon manatdır. Palatanın əmlakı təsisçi tərəfindən ödənilən nizamnamə fondundan, ona təsisçi tərəfindən verilmiş digər əmlakdan, qanunla müəyyən olunmuş hallarda Palatanın nəzarət etdiyi subyektlər tərəfindən ödənilən haqlardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır. Palatanın əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqları Palataya məxsusdur. Palatanın sərbəst maliyyə aktivləri Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyində saxlanılır. Palata ona verilmiş əmlakdan yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edə bilər. Dövlət Palatanın öhdəlikləri üçün cavabdeh deyil və onun fəaliyyəti ilə bağlı zərər üçün Palataya verdiyi əmlakın dəyəri həddində risk daşıyır.

Palatanın fəaliyyətinə nəzarət Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Palatanın fəaliyyətinə dair hesabat, habelə maliyyə hesabatı Direktorlar Şurası tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

Palata hər il mart ayının 31-dək əvvəlki ildə ölkənin maliyyə bazarlarındakı vəziyyət və inkişaf perspektivləri barədə Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim edəcək.

Palata Bakı şəhərində yerləşir.

Palatanın əsas məqsədi Azərbaycan Respublikasında maliyyə bazarlarının səmərəli fəaliyyətini və dayanıqlığını təmin etmək, kreditorların, sığortalıların, investorların və maliyyə bazarlarının digər istehlakçılarının hüquqlarını qorumaqdır. Palata bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyəti həyata keçirərkən maliyyə bazarlarının tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartları əsas götürür.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 760 nömrəli Fərmanına əsasən qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılması, tənzimlənməsi və ona nəzarət, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi