Maliyyə Bazarlarına Nəzarət Palatası Xüsusi Dövlət Mühafizə Xidməti ilə əməkdaşlıq edəcək

Maliyyə Bazarlarına Nəzarət Palatası Xüsusi Dövlət Mühafizə Xidməti ilə əməkdaşlıq edəcək Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanın bank sektorunda kibertəhlükəsizlik, kibercinayətkarlıq halların qarşısının alınması, informasiya texnologiyaları (İT) üzrə təhlükəsizliyin təmin edilməsi və maliyyə sektorunun əməkdaşlarının bu sahədə bilik səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin gücləndilirməsi məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi (Agentlik) arasında anlaşma memorandumu imzalanıb.
Maliyyə
15 Dekabr , 2017 11:35
Maliyyə Bazarlarına Nəzarət Palatası Xüsusi Dövlət Mühafizə Xidməti ilə əməkdaşlıq edəcək
Report

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanın bank sektorunda kibertəhlükəsizlik, kibercinayətkarlıq halların qarşısının alınması, informasiya texnologiyaları (İT) üzrə təhlükəsizliyin təmin edilməsi və maliyyə sektorunun əməkdaşlarının bu sahədə bilik səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin gücləndilirməsi məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi (Agentlik) arasında anlaşma memorandumu imzalanıb.

“Report” Palataya istinadən xəbər verir ki, sənədi qurumun baş icraçı direktoru İbrahim Alışov və Agentliyin rəis müavini Azər Əhədov imzalayıblar.

İ.Alışov bildirib ki, qarşı tərəflə əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş fəaliyyət planına əsasən, Agentliyin İT təhlükəsizliyi sahəsində Palataya texniki dəstək göstərməsi, daxili informasiya təhlükəsizliyi siyasətinin (qaydalarının) formalaşdırılması, eləcə də e-poçt təhlükəsizliyin təmin edilməsi, bank hesabları ilə əməliyyatlarda trafikin qorunması və CSRF (Cross-Site Request Foregery) təhlükəsizliyi, proqram təminatında kənar resurslardan hazır kodların çağırılması və kənar kodların istifadəsinin yaratdığı təhlükələrin aradan qaldırılması, İT təhlükəsizliyinin təmin olunması üzrə təlimlərin keçirilməsi istiqamətlərində əməkdaşlıq nəzərdə tutulur.

Onun sözlərinə görə, sadalanan istiqamətlər üzrə birgə əməkdaşlıq sayəsində maliyyə bazarlarının iştirakçıları yarana biləcək təhlükələrdən daim mühafizə olunacaq, bunun da nəticəsində vətəndaşlar təhlükəsiz maliyyə xidmətlərindən faydalana biləcəklər.

Palata ilə əməkdaşlıq təşəbbüsünü yüksək qiymətləndirən A.Əhədov isə bildirib ki, bu, qarşı tərəfin nəzarət subyektlərinin hər birinə faydalı olacaq. Qarşılıqlı əməkdaşlıq çərçivəsində səyləri birləşdirməklə və bu sahədə uzun illər ərzində əldə edilən təcrübəni bölüşməklə qlobal və regional kibertəhdidlərlə mübarizədə daha böyük uğurlar əldə etmək mümkün olacaq.

Onun sözlərinə görə, memorandum çərçivəsində Palata və onun nəzarət subyektləri xüsusi interaktiv xidmət portalına qoşulmaqla informasiya təhlükəsizliyi sahəsində müvafiq istiqamətlər üzrə tələb olunan vacib məlumatları əldə edəcək, təhlükələr barədə xəbərdar olunacaq, informasiya təhlükəsizliyi kitabxanası və “İnformasiya Təhlükəsizliyi” jurnalının xidmətlərindən yararlana biləcəklər.

Bundan əlavə, Agentliyin digər dövlət orqanlarına göstərdiyi təhlükəsiz İnternet, DNS, hostinq, e-poçt, həmçinin istifadəçilərin təhlükəsizliyi üçün antivirus həlləri kimi xidmətlər Palata və onun nəzarət strukturlarına təklif ediləcək.

Son xəbərlər

Orphus sistemi