Maliyyə Bazarlarına Nəzarət Palatası Qazaxıstanda keçirilən forumda iştirak edib

Maliyyə Bazarlarına Nəzarət Palatası Qazaxıstanda keçirilən forumda iştirak edib Maliyyə Bazarlarına Nəzarət Palatasının Kapital bazarına və digər maliyyə vasitəçilərinə nəzarət departamentinin direktoru vəzifəsini icra edən Samir İsmayılov mayın 15-də Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramının “İnfrastruktur investisiyaları və borcalmanın dayanıqlılığının balanslaşdırılması” mövzusunda Qazaxıstanın Nur-Sultan şəhərində keçirilmiş forumda iştirak edib.
Maliyyə
17 May , 2019 16:23
Maliyyə Bazarlarına Nəzarət Palatası Qazaxıstanda keçirilən forumda iştirak edib

Maliyyə Bazarlarına Nəzarət Palatasının Kapital bazarına və digər maliyyə vasitəçilərinə nəzarət departamentinin direktoru vəzifəsini icra edən Samir İsmayılov mayın 15-də Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramının “İnfrastruktur investisiyaları və borcalmanın dayanıqlılığının balanslaşdırılması” mövzusunda Qazaxıstanın Nur-Sultan şəhərində keçirilmiş forumda iştirak edib.

"Report" bu barədə Palataya istinadən xəbər verir. 

Asiya İnkişaf Bankı, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun birgə təşkilatçılığı ilə keçirilmiş forumda CAREC proqramına üzv olan 11 ölkənin yüksək vəzifəli şəxsləri, o cümlədən iqtisadiyyat və maliyyə nazirləri, mərkəzi bank rəhbərləri və onların müavinləri iştirak edib. Forumda infrastruktur investisiyaları, fiskal və borcalma startegiyaları, habelə infrastruktur layihələrinin kapital bazarları vasitəsilə maliyyələşdirilməsi imkanları barədə təcrübə mübadiləsi aparılıb və bu sahədə beynəlxalq maliyyə institutlarının rəhbər şəxsləri və ekspertləri tərəfindən tədbir iştirakçılarına tövsiyələr verilib.

Palatanın nümayəndəsi S.İsmayılov forumun panel müzakirələrində iştirak edib və Azərbaycan hökuməti tərəfindən həyata keçirilən davamlı islahatlar, onların ölkənin fiskal siyasətinə və investisiya mühitinə müsbət təsiri, dövlət borcalmasının həyata keçirilməsində ölkənin kapital bazarlarının təklif etdiyi imkanlar və ölkə prezidentinin 24 avqust 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” barəsində məlumat verib, habelə Azərbaycan hökuməti tərəfindən dövlət qiymətli kağızları bazarının inkişaf etdirilməsi və beləliklə də tələb olunan maliyyələşmələrin daxili borcalmalar hesabına təmin edilməsi yolu ilə xarici borcalmaların əvəzlənməsinin hədəfləndiyini qeyd edib.

CAREC proqramı 2001-ci ildən fəaliyyət göstərməkdədir və proqrama üzv olan ölkələrin sırasına Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Əfqanıstan, Pakistan, Monqolustan və Çin daxildir. CAREC proqramı çərçivəsində üzv ölkələr arasında iqtisadiyyatın inkişafı və yoxsulluğun azaldılması istiqamətində əməkdaşlıq aparılır. 2001-2018-ci illərdə altı beynəlxalq maliyyə institutu tərəfindən bu proqrama üzv olan ölkələrdə 33 mlrd. ABŞ dolları məbləğində investisiya qoyuluşu həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi