LIBOR faizləri son 10 ilin maksimal səviyyəsinə yüksəlib

LIBOR faizləri son 10 ilin maksimal səviyyəsinə yüksəlib Xarici borclanmanın şərtləri daha da ağırlaşacaq
Maliyyə
24 Mart , 2018 12:15
LIBOR faizləri son 10 ilin maksimal səviyyəsinə yüksəlib

Bakı. 24 mart. REPORT.AZ/ Xaricdən maliyyələşmədə əsas götürülən 6 aylıq London banklararası faiz dərəcələri - LİBOR (London İnterbank Offered Rate) dünən, 2,4473%-ə yüksələrək 2008-ci ilin dekabr ayından sonra ən yüksək səviyyəsinə çatıb. "Report" xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu həftə uçot dərəcəsini 0,25 fazi bəndi artırması LIBOR faizlərinin artmasına səbəb olub.

Londonun ən nüfuzlu 16 bankının orta faiz dərəcəsini əks etdirən LIBOR-un artması qlobal maliyyə bazarlarından maliyyələşmək istəyən şirkət və bankların, o cümlədən suveren borcların maya dəyərini artıracaq. Xüsusən də banklar bunu birbaşa daxili bazarda kredit faizlərində əks etdirməli olacaqlar.

"Report"un analitik qrupu bildirir ki, LIBOR faiz dərəcələrinin yüksəlməsi tədricən xarici maliyyələşmə mənbələrindən asılı olan inkişaf etməkdə olan ölkələrə mənfi təsirini göstərəcək. Bu ölkələr arasında Türkiyə, Cənubi Afrika Respublikası, Argentina, Tailand və s. yer alır. Qeyd edək ki, son zamanlar qlobal bazarlarda müşahidə olunan xammal qiymətlərində artımın yenidən azalma ilə əvəz olunması durumunda xarici borclanmada çətinlik çəkəcək ölkələr sırasına Rusiya, Qazaxıstan, S.Ərəbistanı, Braziliya kimi ölkələr də qatılacaq.

"Report"un analitik qrupu 2022-ci ilə yaxınlaşdıqca FED uçot dərəcəsinin 5-7%-ə, LIBOR faiz dərəcələrinin isə ölkələrin kredit reytinqindən asılı olaraq 8-11%-ə yüksəlməsini proqnozlaşdırır. Bu da, bir sıra inkişaf etməkdə olan ölkə bank sektorunda xarici valyuta üzrə depozit dərəcələrinin 10-12%, yerli valyutada isə daha yüksək olacağı mənasını daşıyacaq.

Son xəbərlər

Orphus sistemi