Yuxarı
    Bağlamaq

    "Kristal Abşeron"un ABB-nin adından yalan məlumat yaydığı üzə çıxıb

    Beynəlxalq Bank 20 illik ipotekanı bərpa etmədiyini bildirir

    Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycanın mənzil bazarında kifayət qədər aktiv olan “Kristal Abşeron” Mənzil-Tikinti Kooperativinin (MTK) Azərbaycan Beynəlxalq Bankı (ABB) adından yalan məlumat yaydığı üzə çıxıb. Bu, “Report”un apardığı araşdırma nəticəsində məlum olub.

    Məsələ ondadır ki, tikinti şirkəti martın 17-də “Facebook” sosial şəbəkəsindəki səhifəsində 20 illik ipotekanın bərpa olunması barədə məlumat yayıb. Bununla da, ictimaiyyətdə bundan əvvəl əməkdaşlıq etdiyi ABB-nin yenidən 20 il müddətinə, illik 10%-lə və manatla kredit verməsi barədə fikir formalaşdırıb.

    Araşdırma nəticəsində isə məlum olub ki, söhbət vətəndaşlarla 20 illik yeni müqavilənin bağlanmasından getmir. MTK müştərilərə vaxtilə ABB-nin maliyyə dəstəyi ilə kreditə verilmiş, hazırda da ipotekada olan, yəni kreditinin bir hissəsi ödənilmiş və geri qaytarılmış mənzilləri təklif edir.

    Çünki, 20 illik ipoteka adı ilə təklif olunan evlərin heç birində müqavilənin müddəti 240 ay göstərilmir. Məsələn, şirkətin Bakının Suraxanı rayonunda, Yeni Günəşli qəsəbəsində satışa çıxardığı 68 kv. metrlik 3 otaqlı mənzilə görə 236 ay ödəniş etmək lazımdır. Yəni, mənzilin sahibi kreditə görə 4 ay ödəniş edib, sonra isə mənzildən imtina edib.

    ABB-dən isə “Report”a bildirilib ki, hazırda yalnız “Azərbaycan İpoteka Fondu” ASC-nin xətti ilə ipoteka kreditləşməsi həyata keçirilir. Bankın öz vəsaiti hesabına, yəni daxili ipoteka proqramı çərçivəsində isə kredit verilmir.

    “ABB yalnız mənzil krediti layihələri çərçivəsində tikinti şirkətlərindən mənzil almış müştərilərə onu satmaq imkanı yaradıb. Bundan ötrü lazımi sənədlərlə tikinti şirkətinə və banka müraciət edilməlidir”, - deyə kredit təşkilatından bildirilib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi