Azərbaycanda məcmu depozitlərin həcmi 1% artıb

Azərbaycanda məcmu depozitlərin həcmi 1% artıb Artıma dolların məzənnəsinin nisbi yüksəlməsi səbəb olub, proses davam edəcək
Maliyyə
8 Avqust , 2016 14:51
Azərbaycanda məcmu depozitlərin həcmi 1% artıb

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycanda qeyri-rezidentlər və dövlət orqanlarının depozitləri də daxil olmaqla bank kredit təşkilatlarında yerləşdirilmiş depozitlərinin ümumi həcmi 2016-cı il iyulun 1-nə 23 366,8 mln. manat təşkil edib. 

"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, depozitlərin həcmi iyunun 1-nə nisbətən 218,7 mln. manat və ya 0,94%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 5 135,2 mln. manat və ya 28,16% artıb.

Manatla depozitlərin həcmi bir ayda 172,8 mln. manat və ya 3,88% artıb, illik müqayisədə isə 410,5 mln. manat və ya 8,15% azalaraq 4 623,6 mln. manat təşkil edib. O cümlədən, müddətsiz depozitlər son bir ayda 241,5 mln. manat və ya 10,77%, illik nisbətdə 451,7 mln. manat və ya 22,23% artaraq 2 483,3 mln. manata çatıb. Müddətli depozitlər isə son bir ayda 68,7 mln. manat və ya 3,11%, illik müqayisədə isə 862,2 mln. manat və ya 28,71% azalıb və 2 140,3 mln. manat təşkil edib.

Xarici valyutada olan depozitlərin həcmi isə iyunda 46 mln. manat və ya 0,24%, ötən ilin analoji dövrünə nisbətən isə 5 545,8 mln. manat və ya 42,02% artaraq 18 743,2 mln. manata çatıb. Xarici valyutada müddətsiz depozitlərin həcmi son bir ayda 105,1 mln. manat və ya 1,9% azalaraq, illik müqayisədə 2 137,8 mln. manat və ya 65,37% artaraq 5 407,8 mln. manata, müddətli depozitlər isə 151,1 mln. manat və ya 1,14% artaraq, illik nisbətdə 3 408 mln. manat və ya 34,32% artaraq 13 335,4 mln. manat olub.

"Valyutada olan depozitlərin həcminin artması iyunda Azərbaycanda dolların məzənnəsinin yüksəlməsi ilə izah olunur. Önümüzdəki aylarda bu tendensiyanın davam edəcəyi, əhalinin gəlirlərinin azalması fonunda manatla depozit portfelinin getdikcə azalacağı, dolların məzənnəsinin ilin sonuna qədər artması ilə dollar depozitlərinin yenidən yüksəlməsi ehtimal edilir", - deyə "Report"un analitikləri qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi