"KPMG Azerbaijan": İnvestorların əsas problemi qısamüddətlilik xəstəliyidir

"KPMG Azerbaijan": İnvestorların əsas problemi qısamüddətlilik xəstəliyidir Audit şirkətinin rəhbəri Vüqar Əliyev Azərbaycanda səhm bazarının inkişafına mane olan səbəbi açıqlayıb
Maliyyə
6 May , 2017 15:49
KPMG Azerbaijan: İnvestorların əsas problemi qısamüddətlilik xəstəliyidir

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycanda investorların əsas problemi qısamüddətlilik xəstəliyidir və bundan xilas olmaq üçün çox iş görülməlidir.

Bunu "Report"a açıqlamasında "FİF2017" maliyyə-investisiya forumu çərçivəsində "KPMG Azerbaijan" audit şirkətinin rəhbəri Vüqar Əliyev bildirib. 

"Hər şeyi qloballaşdırmağa ehtiyac yoxdur. Əsas problem investorların qısamüddətlilik xəstəliyidir. İstənilən iş adamı və yaxud fiziki şəxs yatırdığı pulun faizini bir ay sonra almaq istəyir. Maksimum dövr 3 il, bəzən 5 il ola bilər. Düşünmürəm ki, indi kimsə manata pul yatırsın. Burada bazar riski var, likvidlik problemləri və s. var. Hesab edirəm ki, orta statistik investor bu xəstəlikdən xilas olmalıdır. Səhm bazarında olan dəyərin fərqi qazanılmalıdır",- deyə V.Əliyev qeyd edib. 

Onun sözlərinə görə, qısamüddətlilik xəstəliyindən xilas olmaq üçün səhm bazarında dəyişikliklər olmalı, şəffaflıq artmalı, vergi riski azaldılmalıdır: "Bu proses artıq gedir. Lakin bu cür tədbirlərin sayı çox olmalıdır".

Azərbaycanda maliyyələşmə strategiyasını əsas məqamlar üzrə təsnifləşdirən V. Əliyev bildirib ki, "maliyyə alovunun söndürülməsi" qısamüddətli dövrü əhatə edir: "Məlumdur ki, bank və sığorta sistemi gözəl günlərini deyil, tənzimlənən günlərini yaşayır. Bu alovun söndürülməsi üçün problemli məsələləri həll etmək, bazarda davam edə bilməyən maliyyə təşkilatlarına kömək etmək lazımdır. 2016-cı ildə 11 bank və 4 sığorta şirkəti lisenziyasını itirİB. Bu proses bazarı mərkəzləşdirib".

V. Əliyev onu da qeyd edib ki, maliyyə sektorundakı toksik aktivlər, onların azaldılması banklarda və sığorta şirkətlərində korporativ idarəetmənin əsas istiqamətlərindən biri olmalıdır. 

"Dünya sürətlə rəqəmləşir. Artıq insanlar 21-ci əsrin 3-cü onilliyinə doğru gedir və bu dövrə hazırlaşır. Dünya bazarına çıxıb daha ucuz pullar əldə etmək dövrü gəlir", - deyə o, bildirib. 

Son xəbərlər

Orphus sistemi