Yuxarı

​"Kövsər Bank" rebrendinqi yekunlaşdırıb

Bank bundan sonra Caspian Development Bank kimi fəaliyyət göstərəcək

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycanın "Kövsər Bank" ASC adını dəyişdirərək "Caspian Development Bank" kimi yenidən rəsmən fəaliyyətə başlayıb.

Bankdan "Report"a verilən məlumata görə, bank artıq yanvarın 24-də bu adla Vergilər Nazirliyində qeydiyyatdan keçib.

Bununla yanaşı, fevralın 1-dən etibarən "Caspian Development Bank" (CDB) tərəfindən bank üçün korporativ stil (loqo və korporativ dizayn) yaradılması mövzusunda müsabiqə elan edib. Müsabiqədə Azərbaycan vətəndaşları və qeyri-rezidentlər iştirak edə bilərlər. Müsabiqənin şərtlərinə əsasən, qalib elan edilən iştirakçı bank tərəfindən 1 000 manat dəyərində mükafatlandırılacaq.

Müsabiqə iştirakçıları təkliflərini fevralın 28-dək musabiqe@cdbbank.az elektron ünvanına göndərməlidir. Nəticələr martın 7-də KİV-də açıqlanacaq və CDB-nin təsvirinə uyğun olan korporativ stilin müəllifi qalib elan ediləcək.

Qeyd edək ki, 2014-cü il dekabrın 25-də "Kövsər Bank" ASC-nin adi sənədsiz adlı səhmlərinin Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 12,02 mln. manatdan 50,02 mln. manata çatdırılıb.

Xatırladaq ki, Mərkəzi Bank 2014-cü ilin aprel ayında "Kövsər Bank"ın bank fəaliyyəti üçün lisenziyasını bərpa edib.

Qeyd edək ki, 1992-ci il dekabrın 21-də "Kövsər Bank"a verilən lisenziya 2010-cu ildə Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ləğv edilib. Buna "Kövsər Bank"ın minimum məcmu kapital tələbinə əməl etməməsi, bank qanunvericiliyinin tələblərini pozması, o cümlədən idarəetməni və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə AMB-nin ardıcıl və davamlı göstərişlərinə riayət etməməsi səbəb olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi