Yuxarı

Konstitusiya Məhkəməsi kredit borclarının hansı məzənnə ilə qaytarılması barədə qərar qəbul edib

Banklar əhalinin maraqlarını nəzərə alaraq kredit müddətini uzada, faiz dərəcələrini aşağı sala və digər güzəştli şərtlər tətbiq edə bilər

Bakı. 16 may. REPORT.AZ/ Konstitusiya Məhkəməsi kredit borclarının hansı məzənnə ilə qaytarılması barədə qərar qəbul edib.

"Report"un verdiyi xəbərə görə, Konstitutsiya Məhkəməsi Mülki Məcəllənin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Konstitusiyasına uyğunluğunun yoxlanılması ilə bağlı ombudsmanın sorğusu və Göyçay rayon Məhkəməsinin həmin maddələrin bəzi müddəalarının şərh edilməsi ilə bağlı müraciəti əsasında konstitusiya işinə baxıb.

Konstitusiya Məhkəməsinin Plenumu qərar alıb ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” və həmin məcəllənin 439.2-ci maddəsinin “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Azərbaycan Konstitusiyasının 19-cu maddəsinin III hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir.

Azərbaycan Konstitusiyasının 19-cu maddəsinin III hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur.

Qərarada deyilir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur.

Həəmçinin Mülki Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir.

Bundan başqa, Mülki Məcəllənin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur.

Bununla belə, Konstitutsiya Məhkəməsi əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsini məqsədəmüvafiq hesab edir.

Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi