Yuxarı

Komitə sədri: "Maliyyə mənbələrinə çıxış imkanları genişləndirilməlidir"

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Azərbaycan Banklar Assosiasiyasının üzvləri ilə görüşüb

Bakı. 3 dekabr. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı Azərbaycan Banklar Assosiasiyasının üzvləri ilə görüşüb."Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, R.Aslanlı ölkədə dayanıqlı makroiqtisadi və maliyyə sabitliyinin və yüksək fiskal aktivlik hesabına iqtisadi diversifikasiyanın təmin olunduğunu bildirib.Komitə sədri iqtisadiyyatda geniş pul kütləsinin, eləcə də onun ÜDM-ə nisbətinin artdığını vurğulayıb.

İqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən islahatlardan danışan sədr ölkənin kapital bazarlarının məhz bu mərhələdə formalaşmağa başladığı, bu dövr ərzində qiymətli kağızlarla ticarət proseslərinin sadələşdirilərək avtomatlaşdırıldığı, maliyyə vasitəçilərinin institusional potensialının artdığı, onların bilik və məlumatlılıq səviyyəsinin yüksəldiyi, bazara yeni maliyyə alətlərinin təklif olunduğu barədə görüş iştirakçılarına məlumat verib. Sədr sadalanan tədbirlərin qiymətli kağızlar bazarının monetar və fiskal alətlərin ticarət platformasından özəl sektorun əməliyyatlarının maliyyələşdirilməsi üzrə platformaya transformasiya olunmasına töhfə verdiyini qeyd edib.

Dünya iqtisadiyyatının üzləşdiyi qlobal problemlərin ənənəvi iqtisadi və sosial inkişaf modelinə yenidən baxmaq zərurəti yaratdığını qeyd edən R.Aslanlı uzaq perspektivə hesablanan inkişaf strategiyasının bugünkü çağırışlara düzgün cavabların tapılmasından asılı olduğunu vurğulayıb. Sədr ortamüddətli perspektiv üçün əsas məqsədin iqtisadiyyatın kapitala olan tələbatını təmin etmək üçün effektiv infrastrukturun formalaşdırılmasına və maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsinə nail olmağın vacibliyini qeyd edib.


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi