Yuxarı

​Klirinq mərkəzləri Rusiyanın xaricdən borc almasına mane olur

Qərb bankları Rusiya avrobondlarının emissiyasından imtina edir

Bakı. 2 aprel. REPORT.AZ/ Qərb bankları klirinq mərkəzlərinin geri addım atması səbəbindən Rusiya avrobondlarının alışından imtina edə bilər. "Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, emitentlə banklar arasında vasitəçi kimi çıxış edən iki ən iri klirinq mərkəzi - "Euroclear" və "Clearstream" Rusiya ilə sənədlərin rəsmiləşdirilməsinə dair razılıq əldə etmədiyindən proses yubanır. Bu təşkilatlar ABŞ və Avropa İttifaqının mərkəzi bankları ilə münasibətlərinin pisləşməsini istəmir.

Agentlikdən verilən xəbərə görə, adıçəkilən klirinq mərkəzlərinin Rusiya avrobondlarının yerləşdirilməsində iştirakı zəruri olsa da, ABŞ və Aİ mərkəzi bankları RF-yə qarşı sanksiyalar fonunda hamıya ehtiyatlı davranmağı tövsiyə edib. Qərb bank dairələrindəki mənbədən "Reuters"ə bildirilib ki, banklar və klirinq mərkəzləri hüquqi baxımdan sənədlərin rəsmiləşdirilməsindən imtina etməyə bilər: "Lakin hamımız ABŞ ilə işgüzar münasibətlər içindəyik və bu, hüquqi tərəfdən mümkün olsa da, həyata keçirilməsi çətindir".

"Reuters" qeyd edib ki, nəzəri olaraq klirinq mərkəzləri olmadan da Rusiya avrobondlarını yerləşdirə bilər. Lakin bu, çox baha başa gəlir və emissiyanın rəqabətliliyini şübhə altına alır. Klirinq mərkəzlərinin işi texniki məsələdir və onlar vasitəçi rolu oynayır - investorlardan pulu alaraq emitentə təqdim edir və investorlar adından qiymətli kağızların idarə edilməsi səlahiyyətinə sahibdir.

"Bloomberg" agentliyinin yüksək vəzifəli məmurlara istinadən verdiyi xəbərə görə, Rusiya avrobondların emissiyasının tarixini ertələyə bilər. Buna səbəb ABŞ və Aİ-nin banklara təzyiq göstərməsi, habelə Rusiyanın emissiya üçün təşkilatçı tapa bilməməsi qeyd olunur. 

Xatırladaq ki, "The Wall Street Journal" ABŞ banklarının və Avropanın "BNP Paribas", "Credit Suisse Group AG", "Deutsche Bank AG", HSBC və "UBS Group Bank"ın avrobondların emissiyasından imtina etdiyini yazıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi