Yuxarı
    Bağlamaq

    Kənd Təsərrüfatı Nazirliyi ilə "İcraçı Kredit Agentliyi" arasında məhkəmə prosesi davam edir

    Məhkəmə tərəflərin mübahisəsi ilə bağlı qərar qəbul etməyib

    Bakı. 16 sentyabr. REPORT.AZ/ Sentyabrın 15-də Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Kənd təsərrüfatı layihələrinin və kreditlərinin idarə edilməsi üzrə Dövlət Xidmətinin "İcraçı Kredit Agentliyi" bank olmayan kredit təşkilatına qarşı məhkəmə iddiası üzrə növbəti iclas keçirilib. "Report" xəbər verir ki, məhkəmə iclası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baş tutub.

    Xatırladaq ki, Dövlət Xidməti BOKT-un müflis elan edilməsi və ona əmlak inzibatçısı təyin olunması tələbi ilə məhkəməyə müraciət edib. Buna səbəb "İcraçı Kredit Agentliyi"nin dövlətə olan 5,7 mln. manat borcunu qaytara bilməməsidir.

    Ötəngünkü iclasda BOKT-un dövlət qurumunun iddiasına etirazı müzakirə edilib. "İcraçı Kredit Agentliyi"nin nümayəndəsi bildirib ki, dövlətə təmsil etdiyi təşkilat deyil, kredit ittifaqları borcludur və BOKT bu məsələdə sadəcə vasitəçi olub. KTN təmsilçisi isə vəsaitin birbaşa "İcraçı Kredit Agentliyi"nə ayrıldığını əsas gətirərək borcun da BOKT-dan məcburi tutulmalı olduğunu bildirib. Növbəti məhkəmə prosesinin sentyabrın 27-də keçirilməsi qərara alınıb.

    KTN aqrar sahədə fəaliyyət göstərən kredit ittifaqlarını maliyyələşdirmək üçün uzun illər "İcraçı Kredit Agentliyi" ilə əməkdaşlıq edib. BOKT-un vasitəçiliyi ilə kredit ittifaqlarına 18 mln. manat vəsait ayrılıb. Amma son vaxtlar ittifaqlara verilmiş borcun geri qaytarılmasında problem yaranıb. Ödənişlərin gecikməsi ucbatından hazırda "İcraçı Kredit Agentliyi"nin dövlətə borcu yaranıb və bu borcun məhkəmə yolu ilə alınması qərara alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi