Yuxarı

​Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası 168 dəfə artıb

Kasko sığortası bazarı 4% azalıb

Bakı. 21 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycanda sığorta növləri arasında ən ciddi artım kənd təsərrüfatı heyvanlarının sığortasında qeydə alınıb. Bu növ sığortadan toplanan sığorta haqları təxminən 168 dəfə artaraq 622,7 min manat təşkil edib.

"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, bundan başqa, kreditlərin sığortasında yığım 28,9 dəfə artaraq 165,1 min manat, sərnişinlərin icbari fərdi qəza sığortasında yığım isə 10,8 dəfə artaraq 20,8 min manat olub.

Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 89,8% artaraq 3,8 mln. manat, sağalmaz xəstəliklərdən sığortada 9,8 dəfə artaraq 110,9 min manat, fərdi qəza və xəstəlik sığortasında 32,6% artaraq 2,35 mln. manat, səfər sığortasında 8,2% artaraq 241,3 min manat, əmlakın yanğından və digər risklərdən sığortasında 2,2 dəfə artaraq 6,9 mln. manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 3,4% artaraq 5,6 mln. manat, daşınmaz əmlakın icbari sığortasında 4 dəfə artaraq 7,9 mln. manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 42,5% artaraq 100,2 min manat, avtomobillərin icbari sığortasında isə 34,1% artaraq 10,2 mln. manat təşkil edib.

Hesabat dövründə sığorta növləri arasında ən ciddi azalma isə işin dayanması ilə bağlı risklərdən sığortada qeydə alınıb. Bu növ sığortadan toplanan sığorta haqları 100% azalıb. Bundan başqa, peşə məsuliyyətinin sığortasında yığım 66,3% azalaraq 17 min manat, həyatın yaşam sığortasında isə 34,3% azalaraq 10,1 mln. manat olub.

Sığorta haqlarının məbləği tibbi sığortada 6,1% azalaraq 29,4 mln. manat, KASKO sığortasında 4% azalaraq 5,6 mln. manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 15,2% azalaraq 178,4 min manat təşkil edib.

Bu ilin yanvar-fevral aylarında sığorta ödənişlərinin ən ciddi artımı isə həyatın ölüm halından sığortasında qeydə alınıb. Bu növ sığortada ödənişlər 4,3 dəfə artaraq 555,7 min manat təşkil edib. Bundan başqa, həyatın yaşam sığortasında ödəniş 3,7 dəfə artaraq 3,2 mln. manat, kənd təsərrüfatı heyvanlarının sığortasında isə 2,7 dəfə artaraq 104,5 min manat olub.

Sığorta ödənişlərinin məbləği tibbi sığortada 27% artaraq 8,3 mln. manat, səfər sığortasında 2,6% artaraq 38 min manat, əmlakın yanğından və digər risklərdən sığortasında 31,2% artaraq 395 min manat, avtomobillərin icbari sığortasında 10,6% artaraq 3,8 mln. manat təşkil edib.

Bu iki ayda sığorta ödənişlərinin ən çox azalması avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə ödəniş 91% azalaraq 11,4 min manata düşüb. Bundan başqa, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında ödəniş 86,6% azalaraq 1 000 manat, ümumi mülki məsuliyyətin sığortasında isə ödəniş 71,1% azalaraq 15,8 min manat olub.

Sığorta ödənişləri fərdi qəza və xəstəlik sığortasında 17,6% azalaraq 181,1 min manat, KASKO sığortasında 4,3% azalaraq 4,4 mln. manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 58,8% azalaraq 628,5 min manat, daşınmaz əmlakın icbari sığortasında 52,4% azalaraq 116,1 min manat təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi