​"Kapital Bank" yaralanan əməkdaşının müalicə xərclərini öz üzərinə götürüb

​"Kapital Bank" yaralanan əməkdaşının müalicə xərclərini öz üzərinə götürüb Bankın filialı yeni ünvana köçürüldüyü üçün basqın zamanı binada hər hansı maddi vəsait və qiymətli əşya olmayıb
Maliyyə
4 İyul , 2015 15:38
​Kapital Bank yaralanan əməkdaşının müalicə xərclərini öz üzərinə götürüb

Bakı. 4 iyul. REPORT.AZ/ İyulun 3-də axşam saatlarında "Kapital Bank" ASC-nin Abşeron filialının Xırdalan şəhəri Qalibiyyə küçəsi, 27-ci məhəllə ünvanında yerləşən keçmiş binasına basqın olub. Basqın edən şəxs filial bağlandığı ərəfədə oğurluq etmək məqsədilə banka daxil olub, lakin filialda gecə növbəsində keşik çəkən mülki mühafizəçi Hamlet Şıxəliyevin müqavimətinə rast gələrək onunla bir müddət əlbəyaxa olduqdan sonra niyyətinə çatmadan hadisə yerindən qaçmağa cəhd göstərib. "Report" xəbər verir ki, bu barədə "Kapital Bank"ın bu gün yaydığı press-relizdə deyilir.

"Kapital Bank"ın Təhlükəsizlik Xidmətinin və Abşeron rayon Mühafizə Polisi İdarəsinin əməkdaşlarının birgə səyi nəticəsində basqın edən şəxs dərhal yaxalanıb. İlkin araşdırma zamanı məlum olub ki, cinayətkar "Kapital Bank"da sürücü-inkassator vəzifəsində bir müddət çalışmış Hikmət Əliyevdir", - deyə məlumatda bildirilirb.

Bankın rəsmi açıqlamasına əsasən, bir neçə gün öncə "Kapital Bank"ın Abşeron filialı yeni təmirdən çıxmış binaya köçürüldüyü üçün basqın zamanı binada hər hansı maddi vəsait və qiymətli əşya olmayıb: "Basqın zamanı filialı mühafizə edən H.Şixəliyev yüngül yaralanıb, ona hadisədən dərhal sonra təcili yardım göstərilib və xəstəxanaya yerləşdirilib, hazırda onun vəziyyəti normaldır".

Qeyd edək ki, "Kapital Bank" ASC H.Şıxəliyevin müalicəsi ilə əlaqədar bütün xərcləri öz üzərinə götürüb: "Dünən baş vermiş hadisə lokal xarakter daşıdığı üçün "Kapital Bank"ın fəaliyyətinə təsir göstərməyib. Bankın bütün filialları, o cümlədən yeni istifadəyə verilmiş Abşeron filialı bu gün normal rejimdə müştərilərə xidmət göstərməkdə davam edir”.

Son xəbərlər

Orphus sistemi