Yuxarı
    Bağlamaq

    İranlı nazir: "Tehranla Bakı arasında ticarət əlaqələri qənaətbəxş deyil" - MÜSAHİBƏ

    İqtisadi məsələlər və maliyyə naziri Əli Təyyübniə: Ümid edirik ki, İran-Azərbaycan birgə sərmayə komitəsinin ilk iclası yaxın aylarda keçiriləcək

    Bakı. 28 yanvar. REPORT.AZ/ İranın iqtisadi məsələlər və maliyyə naziri Əli Təyyübniənin “Report”a müsahibəsi.

    - Siz Tehranla Bakı arasında əlaqələrin səviyyəsini necə dəyərləndirirsiz? Münasibətlərin hazırkı səviyyəsindən məmnunsunuzmu?

    - İki ölkənin makroiqtisadi və ticari əlaqələrin gələcək inkişafı və iki tərəfin böyük potensialdan istifadə etməsi ilə bağlı qətiyyətini nəzərə alaraq, düşünmürəm ki, əlaqələrin hazırkı vəziyyəti qənaətbəxşdir.

    İranla Azərbaycan arasında yüksək səviyyədə siyasi və iqtisadi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri qonşu ölkələrin qətiyyətini və ikitərəfli əlaqələrin gələcək inkişafı ilə bağlı marağını bildirir. Tehranla Bakı arasında ticarət dövriyyəsinin həcmi 2013-cü ildə 500 mln. dollar təşkil edib, lakin gələcəkdə iki ölkənin iqtisadi potensialının diversifikasiyası sayəsində bu rəqəm artırıla bilər. İranın İxrac Zəmanət Fondu iki ölkə arasında ticarət mübadiləsi üçün 200 mln. dollar həcminə sığorta təminatı ayırıb, bu rəqəm də iqtisadi əlaqələr genişlənəcəyi təqdirdə artırıla bilər. Azərbaycanın analoji addımlar atacağını gözləyirik ki, bu, Azərbaycanla İran arasında sıx əlaqələr üçün yol açılsın.

    - İran Azərbaycanla hansı sahələrdə əlaqələri inkişaf etdirməkdə daha çox maraqlıdır?

    - Bizim əsas prioritetlər bank sektorunda sıx əməkdaşlığın qurulması, zəmanət və hec fondları tərəfindən geniş sığorta təminatlarının verilməsi, həmçinin İran və Azərbaycanın iri özəl şirkətləri tərəfindən birgə müəssisələrin yaradılmasıdır. Bu addımlar ikitərəfli əlaqələrin gələcəkdə genişləndirilməsi üçün vacibdir.

    Gömrük işi və turizm sahələrindəki əməkdaşlıq da İran üçün əhəmiyyət daşıyır. Tehranla Bakı arasında əməkdaşlığı möhkəmləndirməli, elə addımlar atmalıyıq ki, gömrük ofisləri günboyu işləsin və iki ölkənin tranzit marşrutlarından istifadə edərək malların daşınmasını təmin etməliyik. Bu addımlar iki ölkə arasında makroiqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün yol aça bilər. Turizmə gəlincə, daha çox turist və zəvvar, həmçinin müalicə üçün gələn turistləri görmək istəyərdik.

    Qarşılıqlı sərmayələrin təşviqi iki tərəf arasında daha geniş əməkdaşlıq etmək istədiyimiz sahələrdəndir. Bu məsələ İran və Azərbaycanın rəsmi şəxsləri arasında keçirilən əvvəlki görüşlərin əsas müzakirə mövzusu olub. Son aylarda ölkələr arasında effektiv tədbirlər görülüb və ümid edirik ki, İran-Azərbaycan birgə sərmayə komitəsinin ilk iclası növbəti iki-üç ayda keçiriləcək.

    İki ölkənin dəmir yollarının birləşdirilməsi, birləşmiş yolların gələcəkdə genişləndirilməsi İran vətəndaşları, xüsusi ilə İran işgüzar adamları üçün vizaların aradan qaldırılması da Tehranla Bakı arasında iqtisadi əlaqələri inkişaf etdirməyə imkan yaradacaq.

    - Sizin səfər zamanı Azərbaycanın rəsmi şəxsləri ilə görüşlərinizdə hansı məsələlər müzakirə olunacaq? Hər hansı bir anlaşma memorandumu və ya sazişin imzalanması üçün danışıqlar aparılacaqmı?

    - Səfərim zamanı rəsmilərlə görüşlərim olacaq və müəyyən məsələlər müzakirə olunacaq. Xüsusi ilə bank və sığorta sahələrində əməkdaşlıq yolunda olan maneələrin aradan qaldırılması və qarşılıqlı sərmayə əməkdaşlığının möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq.

    Özəl sektorun inkişafı üçün əlverişli mühitin yaradılmasında hökumət rəsmilərinin əhəmiyyətli rol oynadığını nəzərə alsaq, onların diqqətinə İran və Azərbaycan özəl sektorunun rast gəldiyi problemləri çatdırmağa və onları aradan qaldırmağa çalışacağıq. Bundan əlavə, görüşlərimiz nəticəsində protokol, həmçinin anlaşma memorandumu şəklində bazar əməkdaşlığının genişləndirilməsi planları barədə yekun sənədlərin imzalanması mümkündür.

    - İki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi üçün hansı addımlar atılmalıdır?

    - Qeyd etdiyim kimi, Tehranla Bakı arasında iqtisadi və ticarət əlaqələrinin hərtərəfli inkişafı bankçılıq, sığorta və gömrük işi, infrastruktur sahəsində tədbirlərin görülməsini tələb edir. Bundan başqa, iki ölkənin özəl sektoru arasında xüsusi ilə genişmiqyaslı sənaye, tikinti və enerji layihələrində əməkdaşlığın inkişafı, həmçinin qarşılıqlı sərmayələrin genişləndirilməsi və Azərbaycan biznes sərmayələrinin İran iqtisadiyyatına artırılması iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsində vacib rol oynayar.

    Bundan başqa, iki ölkə arasında əlaqələrin gələcəkdə genişləndirilməsi üçün nəqliyyat əməkdaşlığının yaxşılaşdırılması və Rəşt-Astara dəmir yolunun Azərbaycan hissəsinə qoşulması üçün 8 km-lik dəmir yolu xəttinin çəkilməsi və Şimal-Cənub dəhlizinin genişləndirilməsi üçün Azərbaycan dəmir yolu şəbəkəsinə qoşulması, İranın Əmirabad və Bakı limanları arasında dostluq əlaqələrinin yaradılması, gəmilərin istehsal və təmir edilməsi ilə bağlı Azərbaycan təcrübəsinin öyrənilməsi, iki ölkənin iri şəhərləri arasında birbaşa aviareyslərin açılması və ECO kimi müxtəlif regional təşkilatlarda iştirakdan istifadə edilməsi kimi digər yollar da mövcuddur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi