Yuxarı

​Ölkə iqtisadiyyatına investisiyalarda bank kreditlərinin həcmi azalıb

Əsas kapitala yönəldilmiş vəsaitlərin 6,4%-ini bank kreditləri təşkil edib

Bakı. 9 mart. REPORT.AZ/ Cari ilin yanvar ayında ölkə iqtisadiyyatına sərmayə qoyuluşunun 6,4% və ya 43,3 mln. manatını bank kreditləri təşkil edib. Bununla da investisiyalarda bank kreditlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 38,4% azalıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, cari ilin ilk ayı ərzində əsas kapitala yönəldilmiş vəsaitlərin 71,3% və ya 486,7 mln. manatı müəssisə və təşkilatların, 19,1% və ya 130,6 mln. manatı büdcə vəsaitləri, 2,9% və ya 19,8 mln. manatı büdcədənkənar fondların, 0,2% və ya 1,5 mln. manatı əhalinin şəxsi vəsaitləri olub.

Statistikaya əsasən, bu müddətdə bank kreditləri ilə yanaşı əhalini şəxsi vəsaitləri və büdcə vəsaitlərində də azalma qeydə alınıb. İllik müqayisədə əsas kapitala yönəldilmiş vəsaitlərdə büdcə vəsaitləri 57,1%, əhalinin şəxsi vəsaitləri isə 13,9% azalıb. Büdcədənkənar fondların və müəssisə və təşkilatların vəsaitləri isə müvafiq olaraq 54,9% və 94,6% artıb.

Qeyd edək ki, hesabat ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 682,7 mln. manat yönəldilib, onun 73,6%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəllki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2,9%, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi isə 16,8% artıb.

Məhsul istehsalı obyektlərinin inşasına 585,6 mln. manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 97,1 mln. manat yönəldilib, ümumi sərmayənin 35,1%-i dövlət, 64,9%-i isə qeyri-dövlət müəssisələrinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 38,0%-ni təşkil edib, onun 79,1%-i dövlət bölməsinin payına düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi