Yuxarı

AMB: ​Azərbaycanda inflyasiya ticarət tərəfdaşı olan ölkələrdən 3,6 dəfə aşağı olub

Neft ixrac edən ölkələrlə müqayisədə isə Azərbaycanda inflyasiya 5,5 dəfə aşağı olub

Bakı. 13 dekabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət tərəfdaşı olan ölkələrdə ortalama 5,4% inflyasiya müşahidə olunub ki, bu da Azərbaycandakı inflyasiyadan 3.9 faiz bəndi çoxdur. “Report”un verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın (AMB) "Pul siyasəti icmalı"nda məlumat verilir.

İcmala əsasən, 2014-cü ilin 9 ayında ölkənin xarici ticarət tərəfdaşı olan İEÖ-də (inkişaf etmiş ölkələr) 1,1%, İEOÖ-də (inkişaf etməkdə olan ölkələr) 8,5%, neft ixrac edən ölkələrdə isə 8,2% inflyasiya qeydə alınıb.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda orta illik inflyasiya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz bəndi azalaraq 1,5%-ə enib. İstehlak qiymətləri indeksinin komponentləri olan ərzaq qiymətləri yanvar-sentyabr aylarında 1%, qeyri-ərzaq qiymətləri 3,6%, xidmətlər isə 0,4% bahalaşıb.

Hesablamalara görə, 1,5%-lik orta illik inflyasiyanın 0,4 faiz bəndi ərzaq məhsulları, 0,9 faiz bəndi qeyri-ərzaq malları, 0,2 faiz bəndi xidmətlərin qiymətinin artması ilə əlaqədar olub.

Hökumətin rəsmi proqnozuna görə, 2014-cü ildə ölkədə inflyasiyanın aşağı təkrəqəmli səviyyədə qalacağı gözlənilir. Beynəlxalq Valyuta Fondu 2014-cü ildə Azərbaycanda orta illik inflyasiyanın MDB ölkələri ilə müqayisədə 5,1 faiz bəndi aşağı olacağını proqnozlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi