IMF: Neqativ amillər Azərbaycan iqtisadiyyatının inkişafına maneələr yaradır

IMF: Neqativ amillər Azərbaycan iqtisadiyyatının inkişafına maneələr yaradır Fond Azərbaycan hökumətinə iqtisadi islahatları davam etdirməyi məsləhət görür
Maliyyə
15 Sentyabr , 2016 11:50
IMF: Neqativ amillər Azərbaycan iqtisadiyyatının inkişafına maneələr yaradır

Bakı. 15 sentyabr. REPORT.AZ/ Ucuzlaşan neft qiymətləri, regionların zəif inkişafı, əsas ticarət tərəfdaşı olan ölkələrin valyutalarının devalvasiyası və karbohidrogen ehtiyatlarının hasilatındakı azalma son illərdə neftdən gələn yüksək gəlirlər nəticəsində yaranan cari əməliyyatlar hesabının profisitinin silinməsinə yol açır. "Report"un Beynəlxalq Valyuta Fonduna (İMF) istinadən verdiyi xəbərə görə, bu bəyanatla İMF sentyabrın 9-da Azərbaycan tərəfi ilə apardığı məsləhətləşmələrdən sonra çıxış edib.

Açıqlamada qeyd olunur ki, sadalanan amillər nəticəsində hökumət bir sıra qərarlar qəbul edib. Valyuta ehtiyatlarının azalması və qlobal iqtisadi şokların intensivləşməsi nəticəsində Azərbaycan Mərkəzi Bankı (AMB) manatı devalvasiya edərək "idarə olunan üzən məzənnə" rejiminə keçib. Bu, ölkə iqtisadiyyatının rəqabət gücünü artırsa da, bankların balansını pisləşdirib və dollarlaşma səviyyəsini gücləndirib. Hökumət problemli bankları bağlamaqla yanaşı dövlətin ən böyük bankının (ABB) restrukturizasiyasına başlayıb. 

"Bundan başqa, hökumət maliyyə nəzarəti islahatları keçirib və dollar kreditlərinə yeni makroprudensial məhdudiyyətlər tətbiq edib. Həmçinin, əhalinin mənafeyini qorumağa və iqtisadi inkişafı stimullaşdırmağa çalışır. Dövlət sektorunda əmək haqları, ümumi pensiyalar və sosial müdafiə xərcləri artırılıb və kapital xərcləri layihələrinin başa çatdırılması planlaşdırılır. 2017-ci il üçün fiskal konsolidasiyanın bərpası nəzərdə tutulur. İnflyasiya təzyiqlərini aradan qaldırmaq üçün AMB uçot dərəcəsini 2016-cı ildə 12 % bəndi artıraraq 15%-ə çatdirib", - deyə bəyanatda bildirilir.

Bununla yanaşı, Azərbaycanın qısamüddətli iqtisadi perspektivləri hələ də çox zəif görünür. Cari makroiqtisadi siyasət fonunda 2016-cı ildə iqtisadi geriləmənin olacağı, yaxın bir neçə ildə isə iqtisadi artımın çox zəif olacağı gözlənilir. İnflyasiyanın isə getdikcə azalacağı ehtimal edilir. Son illərdə yüksək neft gəlirləri səbəbindən yaranan büdcə profisitinin yaxın 3 il ərzində büdcə kəsirinə çevrilməsi proqnozlaşdırılır. Devalvasiya qərarlarının qeyri-neft sektorunun ixracını artırmaqla yanaşı idxalı azaldacağı və nəticədə cari əməliyyatlar hesabının balansının yaxşılaşacağı gözlənilir: "Hökumətin ARDNF-dən müəyyən maliyyə vəsaiti götürərək tədiyyə balansının kəsirini örtəcəyi bildirilir. Dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün hökumət, iqtisadiyyatın diversifikasiyası üçün xüsusi strategiya hazırlayır. Nəticədə, biznes üçün əlverişli şəraitin yaradılması və struktur islahatlarının aparılması nəzərdə tutulub. İqtisadiyyatın perspektivi isə neft qiymətlərində şok enmələr və dövlət xərclərindən asılı olduğu üçün riskli olaraq qalır".

İMF Azərbaycan iqtisadiyyatını qiymətləndirərkən hökumətin neftin azalan qiymətinə və ticarət tərəfdaşı olan ölkələrin zəif iqtisadi inkişafına uyğunlaşmaq üçün atdığı addımları dəstəkləyib. Bununla bərabər, Fond xarici iqtisadi mühitin pisləşməsi fonunda proqnozlaşdırılan makroiqtisadi göstəricilərə nail olmağın çətin ola biləcəyini bildirir. Tədiyyə balansı, fiskal mövqe və bank sistemi böyük ehtimalla təzyiq altında olmağa davam edəcək. Belə ki Azərbaycan iqtisadiyyatı hələ də yeni iqtisadi şəraitə korrektə olmağa davam edir.

Fond iqtisadi fəaliyyətin dəstəklənməsi və əhalinin kasıb təbəqəsinin sosial müdafiəsi fonunda 2016-cı ildə müəyyən büdcə stimullaşdırılmasının həyata keçirilməsini dəstəkləyib, lakin büdcə konsolidasiyasına davam etməyə ehtiyac olduğunu vurğulayıb. İMF büdcə xərclərini azaltmağı, bununla yanaşı prioritet sosial xərcləri qorumağı və kapital xərclərinin effektivliyinin artırılmasını tövsiyə edib. Qeyri-neft sektorunun stimullaşdırılması üçün yeni vergi siyasətinin nəzərdən keçirilməsi, vergi inzibatçılığının gücləndirilməsi və vergi güzəştlərinin azaldılması zəruri hesab olunur.

Həmçinin, Fond idarə olunan üzən məzənnə rejimini və inflyasiyanın azaldılması üçün uçot dərəcəsinin artırılması qərarlarını dəstəkləyib. İMF Azərbaycan hökumətini ictimaiyyətlə əlaqələri təkmilləşdirməyə və qeyri-müəyyənliyi aradan qaldıraraq gözləntiləri formalaşdırmağa çağırıb. Bununla yanaşı, AMB-nin bankların restrukturizasiyası üçün pul-kredit şərtlərini korrektə etməyi tövsiyə edib. Fond çevik məzənnə siyasətinin valyuta ehtiyatlarını qoruyacağını qeyd edir, habelə bank sistemindəki vəziyyətə xüsusi diqqət yetirməyi məsləhət görür. Bank sektorunun dayanıqlığının artırılması üçün təcili qərarların vacibliyi vurğulanır, dövlət banklarının restrukturizasiyasının aparılması və özəlləşdirilməsi, ümumilikdə bank sisteminin problemlərinin həll edilməsi tövsiyə olunur.

İMF hökumətin iqtisadiyyatı diversifikasiya qərarlarını dəstəklədiyini, qeyri-neft sektorunun inkişafı üçün islahatların sürətləndirilməsini, nəticədə, biznesin xərclərinin azalacağını və rəqabət maneələrinin aradan qaldırılacağını bildirib.

Son xəbərlər

Orphus sistemi