İtaliyanın maliyyə vəziyyəti getdikcə ağırlaşır

İtaliyanın maliyyə vəziyyəti getdikcə ağırlaşır İtaliya hökümətinin 2,2 trln. avro borcu maliyyə bazarlarında qorxu yaradıb
Maliyyə
14 Dekabr , 2016 18:44
İtaliyanın maliyyə vəziyyəti getdikcə ağırlaşır

Bakı. 14 dekabr. REPORT.AZ/ İtaliyanın bank sektorunda yaranmış böhran vəziyyəti qısamüddətli perspektivdə daha da ağırlaşa bilər. 

"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyası sədrinin keçmiş müşaviri, britaniyalı ekspert Filip Leqranın (Philippe Legrand) mərkəzi Praqada yerləşən "Project Syndicate" qəzetlər sindikatında dərc etdiyi məqaləsində verilib. Onun sözlərinə görə, İtaliyada bank böhranı avropadakı sabitliyə təhlükə yarada bilər. Uzunmüddətli perspektivdə isə İtaliya Avropa İttifaqını (Aİ) tərk edərək avronun gələcəyini şübhə altına qoya bilər. O, İtaliyadakı islahatlar paketi ilə bağlı referendumun dəstəklənməməsi nəticəsində istefa verən Baş nazir Mario Renzidən sonra 2018-ci ildə gölənilən seçkilərin daha tez, yəni 2017-ci ilin yayına qədər keçirilməsini ehtimal edir. Bu seçkilərdə isə avro pul vahidinə qarşı çıxış edən siyasi partiyaların qələbə qazanacağı proqnozlaşdırılır. Belə olarsa, İtaliyanın maliyyə vəziyyəti gözlənilməyən istiqamətdə hərəkət edə bilər. 

İlkin mərhələdə İtaliyanın bank sektorunun kapital kəsiri, aşağı rentabellik və problemli kreditlərlə bağlı problemləri qabara bilər. Bu banklara əlavə kapital cəlb etmək lazımdır ki, referendumdan sonra maliyyə vəsaitlərinin cəlb olunması siyasi qeyri-müəyyənlik səbəbindən demək olar ki, imkansız olub. ABŞ-ın Merilend Universitetinin professoru Karmen Reynxarta (Carmen Reinhart) görə hazırda kapital İtaliyadan qaçır. 

Referenduma qədər yüksələn istiqraz faizləri hazırda sabit olsa da, onların yenidən yüksəlişə keçməsi italyan banklarının maliyyə vəziyyətini daha da pisləşdirəcək. Avropa Mərkəzi Bankının (ECB) kifayət qədər İtaliya istiqrazlarını alaraq ölkəni likvidliklə təmin etməsi gələcəkdə yeni monetar ekspansiya çərçivəsində intervensiyanı məhdudlaşdıra bilər. Bu mənada ən çətin vəziyyətdə olan bank təbii ki, "Monte dei Paschi di Siena" olacaq. Bu bank yaxın zamanlarda 5 mlrd. avro kapital cəlb edə bilməzsə, ona hökümətin yardımı istisna edilmir. Hətta bir çox ekspert bu bankın milliləşdirəcəyi qənaətindədir.

Ümumiyyətlə, İtaliyanın ÜDM-i hazırda 2000-ci ildə olduğu səviyyədə qalıb. Onun dünya ixrac həcmindəki xüsusi çəkisi getdikcə azalır. ESB-nin monetar ekspansiyası, avronun zəifləməsi və büdcə siyasətinin yumşaldılması kimi müsbət tədbirlərə baxmayaraq, İtaliya iqtisadiyyatı 1%-dən çox artmır. Bundan başqa, İtaliya ÜDM-nin 133%-i təşkil edən borc yükünü idarə etməkdə çətinlik çəkir. Ölkədə faiz dərəcələrinin artması isə dövlət borcunun kəskin artması ilə nəticələnə bilər.

Xatırladaq ki, İtaliya hökümətinin öhdəlikləri hazırda 2,2 trln. avroya bərabərdir. İtaliyanın avrodan imtina edərək əvvəllər milli valyutası olan lirəyə keçməsi ehtimallarının artması avropa və dünya maliyyə bazarlarında xaos yaradacağı istisna edilmir. 

Son xəbərlər

Orphus sistemi