İqor Kovalyov: "Visa International" Azərbaycanın 27 kommersiya bankı ilə əməkdaşlıq edir" - MÜSAHİBƏ

İqor Kovalyov: "Visa International" Azərbaycanın 27 kommersiya bankı ilə əməkdaşlıq edir" - MÜSAHİBƏ Son 3 ildə Azərbaycanda elektron ödənişlərin xüsusi çəkisi 7%-dən 11%-ə yüksəlib
Maliyyə
12 Yanvar , 2017 15:42
İqor Kovalyov: Visa International Azərbaycanın 27 kommersiya bankı ilə əməkdaşlıq edir - MÜSAHİBƏ

Bakı. 12 yanvar. REPORT.AZ/ "Visa International" təşkilatının Azərbaycan, Moldova və Belarus üzrə regional meneceri İqor Kovalyov "Report"a müsahibə verib:

- Söhbətə “Visa”nın Azərbaycan bank sektoru ilə əlaqələrindən başlamaq istərdik. Hazırda neçə yerli kommersiya bankı ilə əməkdaşlıq edirsiz və tərəfdaşların sayının artırılması gözlənilirmi?

- “Visa International” olaraq hazırda Azərbaycanın 27 kommersiya bankı ilə əməkdaşlıq edirik. Bu əməkdaşlıqdan məmnunuq və hər zaman əməkdaşlığımızın əhatəsini genişləndirməyə hazırıq. Təbii ki, bu, həm də bankların planlarından, strategiyalarından asılıdır.

- Bildiyiniz kimi, 2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya məruz qalıb. Həmçinin, bir sıra digər iqtisadi proseslərin fonunda 10-a qədər yerli kommersiya bankı bağlanıb. Maraqlıdır, hazırda fəaliyyət göstərən yaxud bağlanmış banklardan hansınınsa “Visa International”a borcu varmı?

- "Visa"nın banklarla işləməkdə ən böyük məqsədi nağdsız ödənişlərin inkişafıdır. Son 3 ildə Azərbaycanda elektron ödənişlərin ölkədə olan ümumi ödəniş həcminə nisbəti 7%-dən 11%-dək artıb.

Təbii ki, bəzi ölkələrdə bəzi bankların lisenziyaları geri çağrılır, bəziləri bağlanır, bəzi yeni banklar açılır. Bu baxımdan biz də çalışırıq ki, işimizi korreksiya edək. "Visa" hər zaman banklarla əməkdaşlıq etməyə hazırdır. Hazırda "Visa" ilə Azərbaycandakı tərəfdaş banklar arasındakı əlaqələr adi iş qaydasında görülür və hansısa bankın "Visa"ya borcunun olması ilə bağlı mənim hər hansı bir məlumatım yoxdur.

- Azərbaycan bankları vasitəsi ilə "Visa" kartlarına sahib olan müştərilər bu gün daha çox hansı problemlərlə qarşılaşırlar?

- Azərbaycanda nağdsız ödənişlərin həcminin artırılması ilə bağlı çox yaxşı dəyişikliklər mövcuddur. Son 3 ildə dollar ekvivalentində nağdsız ödənişlərin həcmi 15% artıb. Həmçinin, bu müddətdə Azərbaycanda satış nöqtələrində "Visa" kartları vasitəsi ilə edilən nağdsız ödənişlərin sayı 102% yaxud 2 dəfədən çox artıb. Bu faktlar onu göstərir ki, Azərbaycanda ödənişlərin nağdsız sahəyə keçirilməsi istiqamətində atılan addımlar çox müsbət nəticə verir. Nağdsız ödənişlərin payını daha da artırmaq olar və Azərbaycanda bunun üçün böyük potensial var. Düşünürəm ki, banklar birləşib bu istiqamətdə fəaliyyəti daha da genişləndirə bilər. Dünyada nağdsız ödənişlərin həcmi ümumi ödənişlərin 50%-nə bərabərdir. MDB ölkələrində isə ən yaxşı nümunə Belarusa məxsusdur. Hazırda bu ölkədə nağdsız ödənişlərin xüsusi çəkisi 36%-ə bərabərdir.

Azərbaycanın nailiyyətlərinə gəldikdə isə, ölkədə çip-kartların geniş istifadəsi müşahidə olunur, bugünə "Visa" çip-kartlarının payı 100%-ə yaxınlaşır. Bu, çox yaxşı göstəricidir. Çip təhlükəsizlik baxımından əhəmiyyətlidir, o, bir növ mini-kompyuter rolunu oynayır. Çipin üzərində bir neçə əlavə növlərini yerləşdirə bilərsiz. Məsələn, Azərbaycanda tərəfdaşımız olan “Kapital Bank”la birgə iki ödəniş əlavəsini bir "Visa" çipli karta yerləşdirmişik. Potensialda çipə bir neçə əlavələr əlavə oluna bilər.

Azərbaycanda bu tip kartların istifadəsi üçün infrastruktur mövcüddur. Bu gün Azərbaycanda 72 500 müxtəlif satış nöqtələrində yerləşdirilən terminallarda "Visa" kartlarından istifadə etmək imkanı var, halbuki 3 il əvvəl bu rəqəm 21 min olub. Son 3 ildə terminalların sayının artım dinamikası 240% təşkil edib. Bu gün 72,5 min terminaldan 9 mini kontaksız kartları qəbul etməyə hazırdır. Həmçinin, bu terminallar daxilində rəqəmsal "Visa" kartı olan mobil telefonlar vasitəsi ilə aparılan kontaktsız ödənişləri qəbul etmək imkanına malikdir, bu innovasiya yaxın günlərdə bazara çıxarılacaq.

Vergilər Nazirliyinin timsalında Azərbaycan hökuməti də ölkədə nağdsız ödənişlərin həcminin artırılmasında maraqlı olduğunu açıqlayıb. Hətta Nazirlik nağdsız ödənişlər zamanı ƏDV-də müəyyən güzəştə gedilməsinin mümkün olduğunu açıqlayıb. Amma görünən odur ki, bir neçə il bundan öncə başlanan proseslər istənilən effekti verməyib. Necə düşünürsüz, Azərbaycanda nağdsız ödənişlərin inkişafına nə mane olur?

- Nağdsız ödənişlərin inkişafında təkcə özəl sektorun səyləri kifayət etmir. Burada həm bankların, həm ödəniş sistemlərinin, həm ticarət təşkilatlarının, həm assosiasiyaların, həm də dövlətin səyləri vacibdir. Biz hazırda Azərbaycan Mərkəzi Bankı ilə aktiv dialoq aparırıq. Həmçinin, nağdsız ödənişlərin stimullaşdırılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası ilə müzakirələri davam etdiririk. Digər ölkələrin təcrübəsinə fikir versək görərik ki, bir tərəfdən dövlət tərəfindən müəyyən güzəştlər mövcüddur, digər tərəfdən isə nəzarət tədbirləri həyata keçirilir. Güzəştlərdən danışarkən bura vergi güzəştləri, nağdsız ödənişlərin stimullaşdırılması məqsədə ilə keçirilən stimullaşdırıcı lotereyalar nümunəsi də var. Həmçinin, nəzarət tədbirləri görülür. Misal üçün, iri ticarət mərkəzlərində nağdsız ödənişlərin həyata keçirilməsi məqsədi ilə bir qayda olaraq terminaların quraşdırılır. Azərbaycana gəldikdə deyə bilərəm ki, nağdsız ödənişlərin inkişafı üçün ölkədə çox yaxşı infrastruktur var. Sadəcə, bu istiqaməti əlavə olaraq inkişaf etdirmək üçün maraqlı olan tərəflərlə işləmək lazımdır.

Nağdsız ödənişlər nağd ödənişlərlə müqayisədə həm də bir çox üstünlüklərə malikdir. Öncə onu deyim ki, nağd vəsaitin çap edilməsi çox bahalı prosesdir. Digər tərəfdən, onun sayılmasına vaxt sərf olunur: öncə müştəri, sonra kassir, daha sonra mühasib sayır. Həmçinin, nağd vəsaitin daşınması və pulların utilizasiyası çox baha başa gəlir. Araşdırmalar göstərir ki, ÜDM-in 1-2%-i məhz nağd vəsaitlərin dövriyyəsinə sərf edilir. Məhz qeyri-stabil maliyyə durumu vaxtında buna ÜDM-in 1-2%-ni sərf etmək lazım deyil, əksinə, qənaət etmək lazımdır. Bu vəsaiti səhiyyə, təhsil və s. bu kimi sahələrə sərf etmək olar.

- "Visa International" həm də “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC ilə “sıfır məsuliyyət” layihəsinı həyata keçirib. Mümkündürsə, bu əməkdaşlıq haqqında danışardız. İlk təklif kimdən gəlib və niyə məhz ABB ilə bu işi göməyi qərara aldız?

- "Visa" ödəniş sistemini və ABB-nı bir-birinə uzun illərə əsaslanan qarşılıqlı sərfəli əməkdaşlıq əlaqələri bağlayır. Hətta onu deyə bilərəm ki, Beynəlxalq Bank bir çox məsələlərdə yeni təşəbbüslərin irəli sürülən zaman bizimlə əməkdaşlıq edən ilk bank olub. Məhz bu əməkdaşlığın nəticəsidir ki, “sıfır məsuliyyət” layihəsinə başlamışıq. “Sıfır məsuliyyət” siyasəti kart sahiblərini dələduzluq əməliyyatlarından etibarlı şəkildə qoruyur.

Son xəbərlər

Orphus sistemi