Yuxarı

​İnvestorlar: FES bu il uçot dərəcəsini mütləq artıracaq

Report: Manatın məzənnəsinin korrektəsi Azərbaycan bazarının canlanmasına səbəb olacaq

Bakı. 15 sentyabr. REPORT.AZ/ ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) sentyabrın 16-17-da keçiriləcək növbəti iclasında uçot dərəcəsi barədə dünya maliyyə bazarının səbirsizliklə gözlədiyi qərar veriləcək. Analitiklərin fikrincə, FES faizləri bu dəfə də artırmayacaq. Bunun nəticəsində dollar digər valyutalar, xüsusilə də avroya nəzərən zəifləyib.

"Report"un analitik qrupu qeyd edir ki, zəifləmə əsasən sentyabrın 10-da açıqlanan ABŞ-da avqust istehsal qiymətlərinin əvvəlki ayla müqayisədə dəyişməməsindən sonra başlayıb. İstehsal qiymətlərinin artmaması ABŞ-da gələcək aylarda inflyasiyanın olmayacağı, hətta deflyasiyanın olacağına dəlalət edir. Bu da FES-in faizləri artırmaması üçün əsas səbəb ola bilər. Çünki yüksək faizlər iqtisadi artımı yavaşladır. Bu da öz növbəsində inflyasiyanı aşağı salır.

"Hazırda qlobal miqyasda deflyasiya riskləri mövcuddur. Likvidlik probleminin yaranması, Çində iqtisadi artımın yavaşlaması, Avropadakı durğunluq inflyasiyanın aşağı səviyyələrdə olmasına gətirib çıxarıb. Bu da FES-i uçot dərəcəsini artırmaqdan çəkindirir", - Agentliyin ekspertləri vurğulayıb.

Qeyd edək ki, "The Wall Street Journal"ın sentyabr ayında keçirdiyi sorğuda bir çox investisiya bankı və şirkətlərin iqtisadçıları faizlərin dəyişdirilməyəcəyini bildirib. Avqustda isə uçot dərəcəsinin artırılacağını düşünənlər üstünlük təşkil edirdi. Faizlərin artırılmaması fikrində olanların digər bir səbəbi isə dünya maliyyə bazarında son günlər yaşanan çalxalanmalardır.

Digər tərəfdən isə qlobal maliyyə bazarları FES-in faizləri artırması qərarının gecikərək oktyabr və ya dekabr ayında həyata keçməsi ilə yenidən stresli gözləmə mərhələsinə daxil ola bilərlər.

Hər iki halda maliyyə bazarları, xüsusilə də inkişaf etməkdə olan ölkələr daha çox mənfi təsirə məruz qalacaq. FES-in müdir müavini Stenli Fişer qeyd edib ki, "gözləmək daha çox qeyri-müəyyənlik yaradır".

Maliyyə bazarları və iştirakçıları FES-in bu ilin sonuna qədər uçot dərəcəsini artıracağına əmindir. Buna görə də investorlar inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarından çıxırlar. Sadəcə, son bir neçə ayda xarici investorlar Türkiyənin fond bazarında 4,5 mlrd. dollara yaxın satış həyata keçirib. Eyni vəziyyət Braziliya, Rusiya, Çin, Tayland və s. ölkələrdə mövcuddur. Nəticədə bu ölkələrdə likvidliyin azalması və xarici borcun yenidən maliyyələşdirilməsi kimi problemlər yaranacaq. Bu da öz növbəsində həmin ölkələrin maliyyə sisteminə birbaşa mənfi təsir göstərəcək və milli valyutalarının kəskin zəifləməsinə səbəb olacaq.

"Təbii ki, bütün bu mənfi proseslərin Azərbaycana da təsiri olacaq. Qonşu Türkiyə və Rusiyanın milli valyutalarının devalvasiyaya məruz qalması Azərbaycan manatını da gərginlikdə saxlayacaq. Neft qiymətlərinin aşağı səviyyədə qalması isə manatın zəifləməsinin digər əsas səbəblərindən biridir. Manatın məzənnəsinin korrektə edilməsi isə daxili bazarın canlanmasına və maliyyə sisteminin normal inkişafının bərpasına gətirib çıxaracaq, turizm və ixracatın sürətli inkişafını təmin edəcək", - "Report"un analitikləri bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi