İnkişaf etməkdə olan ölkələrdə pul köçürmələrinin həcmi azalır

İnkişaf etməkdə olan ölkələrdə pul köçürmələrinin həcmi azalır 2016-cı ildə bu rəqəm 429 mlrd. dollar təşkil edib
Maliyyə
24 Aprel , 2017 13:03
İnkişaf etməkdə olan ölkələrdə pul köçürmələrinin həcmi azalır

Bakı. 24 aprel. REPORT.AZ/ Ötən il inkişaf etməkdə olan ölkələrdə fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin ümumi həcmi 429 mlrd. ABŞ dolları təşkil edib. Bu isə 2015-ci illə müqayisədə 2,5% azdır. “Report”un məlumatına görə, bu barədə Dünya Bankının yaydığı hesabatda bildirilib.

Xatırladaq ki, son 30 ildə artıq 2-ci dəfədir ki, ardıcıl olaraq bu rəqəm azalır. 2015-ci ildə də pul köçürmələrinin həcmi 2014-cü ilə nisbətən 1% az olub. Azalmaya səbəb kimi iqtisadi aktivliyin zəifləməsi, eləcə də Rusiyada, Fars körfəzi və bir sıra Avropa ölkələrində milli valyutanın devalvasiyaya uğraması amilləri göstərilir. Bundan başqa, inkişaf etməkdə olan ölkələrdə “əmək bazarının milliləşdirilməsi” və miqrantlara qarşı münasibətin dəyişməsi, həmçinin bir sıra bankların "çirkli pullar"ın yuyulması və cinayətkarlığın maliyyələşdirilməsi ilə bağlı risklərdən özlərini qorumaq üçün pul köçürmələri xidmətindən imtina etməsi şəxsi pul köçürmələrinin həcminin azalması ilə nəticələnib.

Dünya Bankının proqnozlarına görə, bu il fərdi pul köçürmələrinin həcmi yenidən arta bilər, amma bunun üçün hökumətlər bu cür əməliyyatlardan vergi tutmamalıdır. “Tarixən şəxsi pul köçürmələri iqtisadi zərbələrə həssas olmayıb. 2009-cu ilin qlobal maliyyə böhranından sonra inkişaf etməkdə olan ölkələrdə köçürmələr praktik olaraq 5% azalsa da, 1 il ərzində əvvəlki məbləğ bərpa olunub”, - deyə hesabatda qeyd olunub.

Sənəddə həmçinin bildirilir ki, Rusiyanın da daxil olduğu Avropa və Mərkəzi Asiya regionunda pul köçürmələrinin azalması problemi avrozona ölkələri ilə müqayisədə daha ciddidir. Baxmayaraq ki, azalma tempi ötən il zəifləyib. Belə ki, bu regionlar üzrə 2016-cı ildə 38 mlrd. dollarlıq köçürmə həyata keçirilib ki, bu da 2015-ci ilə nisbətən 4,6% azdır. Halbuki, 2015-ci ildə azalma 22% təşkil edib.

Region ölkələri arasında pul köçürmələri ən çox Özbəkistanda – 2013-cü ilə nisbətən demək olar ki, 3 dəfə azalıb. Bununla yanaşı, Azərbaycan, Türkmənistan və Tacikistanda da azalma kifayət qədər olub. İnkişaf etməkdə olan ölkələrdən yalnız Latin Amerikası və Karib dənizi hövzəsi ölkələri ötən il pul köçürmələri üzrə artım nümayiş etdirib. Bu isə ABŞ-dan pul axınının bərpası fonunda Meksikadan daxil olan pulların həcminin artması ilə bağlıdır.

2016-cı ildə pul köçürmələrinin həcminin 8,9% azaldığı Hindistan həcm baxlmlndan dünya lideridir. Bu ölkə üzrə köçürmə göstəricisi ötən il 62,7 mlrd. dollar olub. Hindistanla ilk 5-liyə Çin (61 mlrd. dollar), Meksika (28,5 mlrd. dollar), Filippin (19,9 mlrd. dollar) və Pakistan (19,8 mlrd. dollar) daxildir.

Bu arada pul köçürmələrinin ümumi daxili məhsula (ÜDM) olan nisbəti baxımından ən yüksək göstəricilər də inkişaf etməkdə olan ölkələrdədir. Bu sahədə 34,5%-lik göstərici ilə Qırğızıstan liderdir. Köçürmələrin ÜDM-ə nisbəti Nepalda 29,7%, Liberiyada 29,6%, Haitidə 27,8%, Toqoda isə 27,8%-dir.

Dünya Bankında hesab edirlər ki, 2017-ci ildə iqtisadi artımın bərpa olunması inkişaf etməkdə olan ölkələr üzrə pul köçürmələrinin həcmini 3,3% artıracaq. Avropa və Mərkəzi Asiya regionunda isə artım 6,6% təşkil edəcək. Bu isə əsasən bir neçə Avropa ölkəsinin və Rusiyanın hesabına təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi