​İngiltərə də devalvasiyaya başlayıb

​İngiltərə də devalvasiyaya başlayıb "Report": Dolların möhkəmlənməsi prosesi davam edəcək
Maliyyə
22 Fevral , 2016 13:10
​İngiltərə də devalvasiyaya başlayıb

Bakı. 22 fevral. REPORT.AZ/ London bələdiyyəsinin sədri Boris Consonun (Boris Johnson) İngiltərənin Avropa İttifaqından (Aİ) çıxması üçün kampaniyaya başlayacağı haqqında açıqlamasından sonra funt sterlinq kəskin ucuzlaşıb. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün səhər gələn açıqlamadan sonra funt sterlinq son 11 ayın ən sərt zəifləməsini yaşayıb və bir saat ərzində 1,45% azalaraq 1,44 USD/GBP səviyyəsindən 1,42 USD/GBP-yə enib.

Qeyd edək ki, B.Conson İngiltərənin ən populyar siyasətçilərindən biridir və onun iyun ayında ölkənin Aİ-də qalıb-qalmaması ilə bağlı keçiriləcək referenduma dəstək verməsi milli valyutaya ciddi təsir edib. Cümə günü İngiltərənin baş naziri Devid Kameronun (David Cameron) Brüsseldə Aİ-nin üzvlük şərtlərini qəbul edəcəyi istiqamətində verdiyi açıqlamalardan sonra funt sterlinq möhkəmlənsə də, bu gün qazandıqlarını itirib.

"Morgan Stanley" analitikləri B.Consonun populyarlığını nəzərə alaraq, onun fikirlərinin funt sterlinq üçün önəmli olacağını bildiriblər. Tokioda yerləşən "Mizuho Securities Co." investisiya şirkətinin baş valyuta təhlilçisi Kenqo Suzukiyə görə isə Aİ-dən çıxma ehtimalı real görünməsə də, yaranmış qeyri-müəyyənlik funt sterlinq üzərində gərginlik yaradacaq. O, qeyd edib ki, iqtisadi olaraq funt sterlinq üçün heç bir təhlükə olmasa da Aİ-dən çıxışın yaratdığı narahatlıq məzənnənin 1,40-1,50 USD/GBP diapazonunda qalmasına səbəb olacaq.

"Report"un analitik qrupu hesab edir ki, dünyanın müxtəlif ölkələri, o cümlədən İngiltərə öz milli valyutasını devalvasiya etmək üçün bu cür bəyanatlar verir. Mövcud qlobal iqtisadi şəraitdə devalvasiya müharibəsi davam edir. Bu səbəbdən dolların bundan sonra da möhkəmlənməsi, USD/EUR-un paritetə catacağı, funt sterlinqin məzənnəsinin 1,35 USD/GBP-yə düşəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi