Yuxarı

​İlin I rübündə 112 min 730 ailəyə ünvanlı dövlət sosial yardımı verilib

Bu yardımdan faydalanan ailələrin sayı 3300 vahid artıb

Bakı. 10 aprel. REPORT.AZ/ İlin birinci rübü ərzində 112 min 730 ailəyə və ya onların 492 min üzvünə, yəni ölkə əhalisinin 5,1 faizinə ünvanlı dövlət sosial yardımı verilib.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2016-cı ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu yardımdan faydalanan ailələrin sayı 3300 vahid artıb. Cari ilin 1 aprel tarixinə hər ailəyə düşən orta aylıq yardım məbləği ötən ilə nisbətən 5,6 faiz artaraq 151 manat olub.

"Hesabat dövründə 395 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 55 min nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib. Ümumilikdə, sosial yardımların və müavinətlərin, təqaüd və kompensasiyaların ödənişinə dövlət büdcəsindən rüb ərzində 84 milyon manat vəsait xərclənib", - deyə nazir qeyd edib.

S.Müslümovun məlumatına görə, ölkənin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərə və şəhid ailələrinə son 3 ay ərzində 53 mənzil, 41 fərdi ev verilib. Bu müddətdə 3 min 120 nəfərə protez-ortopedik xidmət göstərilib, əlilliyi olan şəxslər 553 ədəd əlil arabası və 158 ədəd eşitmə aparatı ilə təmin edilib.

O, həmçinin əlavə edib ki, respublikada fəaliyyət göstərən əlillərin bərpa mərkəzlərində cari ilin birinci rübündə 1690 əlil bərpa müalicəsi alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi