İcbari sığortaya dəyişikliklər plenar iclasa tövsiyə olunub

İcbari sığortaya dəyişikliklər plenar iclasa tövsiyə olunub Sığorta haqları sığortaçının bank hesabına ödəniləcək
Maliyyə
11 Dekabr , 2015 16:34
İcbari sığortaya dəyişikliklər plenar iclasa tövsiyə olunub

Bakı. 11 dekabr. REPORT.AZ/ "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", və "İcbari sığortalar haqqında" qanunlarda dəyişikliklər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunaraq plenar iclasa tövsiyə olunub.

"Report"un verdiyi xəbərə görə, Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib ki, dəyişikliklərdən biri də nağdsız hesablaşmaların artırılması ilə bağlı hazırlanıb.

"Azərbaycan sığorta bazarında, xüsusilə icbari sığortada nağd dövriyyənin payı yüsksəkdir. Bu da müəyyən fəsadlara səbəb olur. Sığorta vasitəçiləri ilə sığorta şirkətləri arasında hesablaşmalarda problemlər ola bilir, dələduzluq halları olur, haqsız rəqabət üçün də yol açılır. Son illərin təhlili göstərir ki, bu problemlərin həlli üçün ən səmərəli yol bu sahədə nağd hesblaşmaları azaltmaq və nağdsız hesablaşmalara yol açmaqdır.

Eyni zamanda nağdsız ödənişlərin artırılması üçün təklif olunan tədbirlərdən biri odur ki, icbari sığortalar üzrə sığorta müqavilələri elektron sənəd formasında bağlansın və bu da sığorta məhsullarının istehlakçılarına həmin sığorta müqavilələrini internet və yaxud hər hansı ödəniş portalı ilə əldə edilməsinə imkan yaradacaq", - N.Xəlilov qeyd edib.

O bildirib ki, elektron sənəd formasına keçəndə sığorta müqavilələri hətta birbaşa internet vasitəsilə şəhadətnamələr əldə edildikdə sığorta haqlarına müəyyən güzəştlər də edilə bilər. Onun sözlərinə görə, birbaşa alındıqda sığorta şirkətlərinin xərcləri azalır, bu da imkan verir ki, məhsul daha ucuz təqdim olunsun.

Layihədə təklif olunur ki, sığorta vasitəçiləri tərəfindən nağd formada təqdim olunan sığorta haqları sığortaçının bank hesabına, yəni sığortaçıya nağd pul şəklində deyil, bank vasitəsilə onun hesabına ödənilsin.

"Biz düşünürük ki, daha da irəli gedə bilərik, yəni əgər razılıq olsa, bütün icbari sığortalar üzrə sığorta haqlarını birbaşa sığortaçının bank hesabına ödənilməsi yolu ilə həyata keçirilməsi tələbi də qoyula bilər.

O bildirib ki, ikinci dəyişiklik avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsinə aiddir:

"Təklif ondan ibarətdir ki, beynəlxalq praktikaya müraciət edilib. Bu da sığorta iddialarının tələblərini birbaşa tənzimlənməsi praktikasıdır. Yəni bu da ondan ibarətdir ki, əgər hansısa avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulursa, zərər vuran avtomobilin sahibinin məsuliyyəti sığortalandığı sığortaçıya müraciət etmək əvəzinə, öz məsuliyyətini sığortalamış sığorta şirkətinə müraciət edəcək. Ondan sonra həmin sığorta şirkəti zərərin əvəzini ödəyir və ödənilmiş məbləği zərər vurmuş sığortaçının məsuliyyətini sığortalamış sığorta şirkətindən alır. Bunun üstünlüyü odur ki, insanlar öz məsuliyyətlərini sığortaladan zaman artıq kimsə onlara ziyan vuranda kimə müraciət etməli olduqlarını biləcəklər. Ona görə də təklif edirik ki, Azərbaycan sığorta bazarına da belə mexanizm daxil olsun".

Qeyd edək ki, parlamentin plenar iclası dekabrın 18-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi