Yuxarı

​Hindistanın bank sektorunda ciddi problemlər yaranıb

Analitiklər bank sistemində vəziyyətin iki ildən tez düzələcəyinə inanmırlar

Bakı. 11 may. REPORT.AZ/ Hindistanın bank sektorundakı vəziyyətin ən tez iki ildən sonra normallaşacağı gözlənilir. "Report"un "Fitch" beynəlxalq reytinq agentliyinin Hindistan bank sektorunun monitorinqi nəticəsində hazırladığı hesabata istinadən xəbər verir ki, bank sistemində problemli kreditlərin həcmi artmaqda davam edir. Ölkənin iki önəmli bankı - "ICICI Bank" və "AXİS Bank"ın 2 həftə əvvəl açıqladığı rüblük hesabatlarda problemli kreditlərin həcminin artdığı müşahidə olunub. Banklardan bildirilib ki, problemli kreditlər yaxın 1 il ərzində azalmayacaq. Daha əvvəl isə bank sistemində problemli kreditlərin 2016-cı ilin II rübündən etibarən azalacağı ehtimal edilirdi. Mumbaidə yerləşən "Nirmal Bang İnstitutional Equities" təşkilatının analitiki Hatim Broaçvala bildirib ki, bank sistemində yaranan stress ehtimal olunandan daha dərindir.

"Fitch"in ekspertləri qeyd edirlər ki, hazırda diqqət ediləcək əsas məqam dövlət banklarının ilk rüb üzrə hesabatları olacaq. Belə ki, Hindistanda dövlət banklarının kredit bazarında xüsusi çəkisi və problemli kreditlərdə payı çox yüksəkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi