Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda həyat sığortasının bazar payının artacağı gözlənilir

    Noyabr-dekabr aylarında sığorta bazarında artımın hazırkı 6,5%-dən çox olacağı proqnozlaşdırılır

    Bakı. 23 noyabr. REPORT.AZ/ Hazırda Azərbaycan sığorta bazarının təxminən 1/4-i həyat, 3/4 hissəsi qeyri-həyat sığortasının payına düşür ki, gələcəkdə həyat-və qeyri-həyat sığortası üzrə bu nisbətin həyat sığortasının xeyrinə dəyişməsini gözləyirik. "Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov bildirib. 

    Statistikaya əsasən, bu ilin yanvar-oktyabr aylarında ölkədə  toplanmış sığorta haqlarının 26%-i və yaxud 98,5 mln. manatı həyat sığortasının payına düşüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarının 16% böyüməsini göstərir.

    Həyat sığortasındakı yığımların 58,6%-i və yaxud 57,7 mln. manatı həyatın yaşam sığortası, 28,4%-i və yaxud 28 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığorta, 11,6%-i və yaxud 11,4 mln. manatı həyatın ölüm halından sığortası, 1,1%-i və ya 1 mln. manatı əmək qabiliyyətinin sığortası, cəmi 0,3%-i və ya 362 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

    Hesabat dövründə həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 35,6 mln. manat təşkil edib. Bu da ümumi ödənişlərin 25,4%-ni təşkil etməklə 2014-cü ilin eyni dövrünə nisbətən 39,5% çoxdur.

    Həyat sığortası üzrə ödənişlərin 89%-i və yaxud 31,7 mln. manatı həyatın yaşam sığortası, 5,5%-i və yaxud 1,95 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığorta, 5,5%-i və yaxud 1,95 mln. manatı həyatın ölüm halından sığortası, cəmi 13,7 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

    Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 36,1 manat ödəniş həyata keçirilib. Keçən ilin 10 ayında bu rəqəm 30,1 manat olub.

    Yanvar-oktyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 280,4 mln. manatı və ya 74%-i qeyri-həyat sığortasının payına düşüb ki, bu da 2014-cü ilin eyni dövrünə nisbətən 3,5% çoxdur.

    Qeyri-həyat sığortası üzrə yığımların 23,1%-i və ya 64,9 mln. manatı icbari avtosığorta, 21,6%-i və ya 60,7 mln. manatı tibbi sığorta, 10,1%-i və ya 28,2 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortası, 8,8%-i və ya 24,7 mln. manatı kasko sığortası, 8,2%-i və ya 22,9 mln. manatı daşınmaz əmlakın icbari sığortası, 28,2%-i və ya 79 mln. manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

    Təhlil olunan dövrdə sığorta ödənişlərinin 74,6%-ni və ya 104,4 mln. manatını qeyri-həyat sığortası təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 1,4% azdır.

    Qeyri-həyat sığortası üzrə ödənişlərin 40%-i və ya 41,8 mln. manatı tibbi sığorta, 26%-i və ya 27,2 mln. manatı icbari avtosığorta, 19,5%-i və ya 20,3 mln. manatı kasko sığortası, qalan 14,5%-i və ya 15,1 mln. manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

    Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 37,2 manatı ödəniş edilib. Bu, 2014-cü ilin ilk 10 ayında 39,1 manat olub. 

    O.Bayramov həmçinin cari ilin noyabr-dekabr aylarında sığorta bazarında artımın hazırkı 6,5%-dən də çox gözlənildiyini qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi