Azərbaycan EUROSAI-ın X Konqresində iştirak edib

Azərbaycan EUROSAI-ın X Konqresində iştirak edib XI Konqres isə Çex Respublikasında keçiriləcək
Maliyyə
24 May , 2017 18:02
Azərbaycan EUROSAI-ın X Konqresində iştirak edib
Report

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa ölkələrinin ali audit qurumlarının beynəlxalq təşkilatı olan EUROSAI-ın İstanbulda (Türkiyə) keçirilmiş X Konqresində iştirak edib.

"Report" bu barədə Palataya istinadən xəbər verir.

Konqres EUROSAI-ın ali orqanıdır və təşkilatın nizamnaməsinə əsasən, bu quruma üzv ali audit qurumlarının rəhbərləri və ya müvafiq səlahiyyətli nümayəndələri ilə təmsil olunmaqla EUROSAI-ın bütün üzvlərinin iştirakı ilə üç ildən bir keçirilir.

İstanbul şəhərində keçirilən X Konqresdə 51 ölkəni təmsil edən nümayəndələr, o cümlədən 19 ölkə AAQ-nın birinci şəxsləri, INTOSAI-ın və onun regional qurumlarının nümayəndələri iştirak ediblər. Konqresin əsas mövzusu “Ali audit qurumlarının stadartlarının tətbiqi: çətinliklər və təkmilləşmə üçün yollar” kimi müəyyən edilib.

Konqresə ev sahibliyi edən təşkilat növbəti üç il ərzində EUROSAI təşkilatına sədrliyi funksiyasını yerinə yetirəcək. Türkiyə Hesablama Məhkəməsi - Sayiştayın EUROSAI-ın yeni sədri olaraq səlahiyyətləri qəbul etməsinin ardından konqresin açılış mərasimi keçirilib və ilk iş günündə plenar sessiyadan sonra Azərbaycan nümayəndə heyəti bir sıra işçi toplantıya cəlb olunub.

Azərbaycan Hesablama Palatasının nümayəndə heyəti səmərəlilik auditi, ətraf mühitin auditi, informasiya texnologiyalarının auditi, birgə auditlərlə bağlı qabaqcıl təcrübələr və digər qurumlarla əməkdaşlıq, o cümlədən beynəlxalq standartların dövlət auditi qurumlarında istifadəsi, Dayanıqlı İnkişaf Məqsədlərinin nail olunmasında ali audit qurumlarının rolu kimi məsələləri əhatə edən işçi toplantılarda müzakirələr aparıb.

Yekun olaraq Konqres EUROSAI-ın müxtəlif İşçi Qruplarının hesabatlarını, EUROSAI Katibliyinin hesabatını, təşkilatın yeni büdcəsini, EUROSAI-ın 2017-2023-cü illər üzrə Strateji Planını, həmçinin nəticələr və tövsiyələr sənədini qəbul edib.

Konqresin sonuncu günü səsvermə keçirilib və növbəti, XI Konqresin Çexiyada keçirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi