Yuxarı
    Bağlamaq

    Hesablama Palatası Zaqatala rayon İcra Hakimiyyətinin fəaliyyətində nöqsanlar aşkar edib

    Yerli icra qurumunda keçirilmiş auditin nəticəsi açıqlanıb

    Bakı. 14 dekabr. REPORT.AZ/ Hesablama Palatasının 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-iyun aylarında Zaqatala rayon İcra Hakimiyyəti (RİH) və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirdiyi auditin nəticələrini açıqlayıb. Qurumdan “Report”a verilən məlumata görə, nəticələr Palatanın Kollegiyasında müzakirə edilərək təsdiq edilib.

    Zaqatala rayonu Şəki-Zaqatala İqtisadi rayonuna daxil olmaqla, ərazisi 1348 kv. km, əhalisinin sayı 124,8 min nəfər, mənzil fondunun yaşayış sahəsində özəlləşdirilmiş mənzillər 57 099 kv.m, dövlət mülkiyyətində olan mənzillərin yaşayış sahəsi isə 9 163,6 kv.m təşkil edib. Audit 4 qurumda həyata keçirilib və ümumilikdə 4,4 mln. manat məbləğində vəsait əhatə olunub.

    Auditlə müəyyən edilib ki, Zaqatala RİH və tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən proqnozların tərtibi bir sıra hallarda iqtisadi əsaslandırmalar və hesablamalar aparılmadan, həmçinin real tələbatlar müəyyən edilmədən aparılıb, mənzil fondunun maliyyə təsərrüfat planı tərtib edilməyib, mənzil fondunun hər kv.metrə düşən xərclər araşdırılmayıb, mənzil fondunun gəlirləri, o cümlədən mənzil haqqı az hesablanıb. Küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahəsinə qulluq edilməsi xərcləri üzrə təqdim olunmuş proqnoz bu sahəni tənzimləyən müvafiq normalara uyğun müəyyən edilməyib, müntəzəm süpürülən sahələrin dislokasiyası təsdiq edilməyib və müvafiq illər üzrə “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə xərclər tam araşdırılmadan proqnozlar tərtib edilərək təsdiq edilib.

    “Yolların əsaslı təmiri” və “Mənzil fondunun əsaslı təmiri” xərc maddələri üzrə vəsaitlərin istifadəsi zamanı iş vahidlərinin qiymətinin artırılması hesabına büdcə vəsaiti podratçılara artıq ödənilib, 2014-cü ildə sanitar təmizlik, yaşıllıqlara qulluq və küçələrin işıqlandırılması işlərinə xidmət göstərilməsi məqsədi ilə ödənilmiş vəsaitin bir hissəsinin təyinatı dəyişdirilib, şəxsi həyətyanı və kommunal evlərin sahibləri ilə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi məqsədi ilə bağlanmış müqavilələr üzrə vəsaitin alınması barədə müvafiq tədbirlər görülməyib.

    Qurumlar tərəfindən satınalmalar üzrə qanunvericiliyin bəzi tələblərinə əməl edilməyərək satınalma proseduru keçirilmədən müqavilələr bağlanıb, keçirilən satınalmalarda isə iddiaçılardan müvafiq məlumatlar tələb edilməyib, podratçılarla bağlanılmış müqavilələrin xüsusi şərtləri tərtib olunmayıb, müqavilənin yerinə yetirilməsinin təminatı alınmayıb.

    Hesablama Palatasının Kollegiyası nöqsanların müəyyən hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Kollegiya qərarının surəti RİH-ə göndərilib.

    Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi