Hesablama Palatası: Lənkəranda DSMF-də pensiya üzrə müraciət edənlərin məlumatları tam araşdırılmayıb

Hesablama Palatası: Lənkəranda DSMF-də pensiya üzrə müraciət edənlərin məlumatları tam araşdırılmayıb Palatanın apardığı audit 2015-ci il aprelin 1-dən 2016-cı il iyulun 1-dək olan dövrü əhatə edib
Maliyyə
7 Dekabr , 2016 17:06
Hesablama Palatası: Lənkəranda DSMF-də pensiya üzrə müraciət edənlərin məlumatları tam araşdırılmayıb

Bakı. 7 dekabr. REPORT.AZ/ "Araşdırma zamanı müəyyən edilib ki, məcburi dövlət sosial söğorta haqları üzrə mövcud potensialdan tam istifadə edilməyib, sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqının hesablanması və ödənişində nöqsanlar olub, debitor borcların aradan qaldırılması istiqamətində Şöbənin fəaliyyəti qənaətbəxş olmayıb, qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər tam həyata keçirilməyib". 

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Lənkəran şəhər şöbəsində apardığı yoxlamaların nəticələri ilə bağlı açıqladığı məlumatda deyilir.

Məlumata görə, yoxlamalar 2015-ci il aprelin 1-dən 2016-cı il iyulun 1-dək olan dövrü əhatə edib.

Audit prosesində risk əsaslı seçmə həyata keçirilib və araşdırma həmin işlər üzrə aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, audit olunan dövr ərzində Şöbənin “Yığım” hesabının mədaxili 73 806 796,03 manat, dövrün əvvəlinə qalığı da nəzərə almaqla məxarici isə 73 954 554,51 manat təşkil edib. Sığortaedənlərin və sığortaolunanların qeydiyyatı və uçotu, əsasən mövcud qanunvericiliyin tələblərinə uyğun aparılıb, 2016-cı ilin iyulun 1-i tarixinə Şöbədə 29 701 sığortaedən qeydiyyatda olmuşdur ki, onlardan da 14 869 sığortaolunan üzrə 299 hüquqi şəxsin, 688 sığortaolunan üzrə 1 727 fiziki şəxsin və 908 torpaq mülkiyyətçisi olmaqla cəmi 2934 sığortaedənin fəaliyyəti olub.

Palata audit yoxlaması aparılan dövrdə maliyyə sanksiyaları üzrə gəlirləri də açıqlayıb: “Audit olunan dövr ərzində Şöbənin məcburi dövlət sosial sığorta haqları, penya və maliyyə sanksiyaları üzrə gəlirləri ümumilikdə 12 969,1 min manat təşkil edib, həmin vəsaitin də 12 878,5 min manatı və ya 99,3%-ini məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərdən, 87,5 min manatını və ya 0,7%-ini penyalardan, 3,1 min manatı isə digər gəlirlərdən ibarət olub. Audit olunan dövr ərzində məcburi dövlət sosial sığorta haqqı hesabına ümumilikdə 658 175,34 manat məbləğində müavinət, işləməyən pensiyaçılar üzrə ümumilikdə 384 329,45 manat məbləğində dəfn üçün müavinət ödənilib”.

Əmək pensiyalarının təyinatı və ödənişi araşdırılarkən müəyyən edilmişdir ki, audit olunan dövr ərzində 1 499 yeni pensiya təyinatı aparılıb, 7 pensiya işi Fondun digər rayon şöbələrindən daxil olub, 30 pensiya işi Fondun digər rayon şöbələrinə göndərilməsi, 149 pensiya işi 5 il müddətin bitməsi, 1515 pensiya işi isə pensiyaçının vəfatı ilə əlaqədar olaraq uçotdan çıxarılıb. Yeni təyin olunmuş pensiya işlərinin 884-ü və ya 59,0%-i yaşa görə, 470-i və ya 31,3%-i əlilliyə görə, 145-i və ya 9,7%-i ailə başçısının itirilməsi səbəbindən təyin edilmiş pensiya işləri olub. Qeyd edilən tarixə Şöbə üzrə 29 697 pensiya işi, o cümlədən 17 393 ədəd yaşa görə (58,6%), 9536 ədəd əlilliyə görə (32,1%) və 2768 ədəd ailə başçısını itirmiş ailələrin (9,3%) pensiya işi mövcud olub”-hesabatda vurğulanır.

Hesablama Palatası aşkar edib ki, pensiya təyinatı və ödənişi üzrə bir sıra hallarda pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sosial sığorta) stajları haqqında məlumatlar, onların əmək fəaliyyəti ilə məşğul olub-olmadıqları ətraflı araşdırılmadan, düzgün hesablamalar aparılmadan pensiya təyinatı aparılıb, sığorta stajının, ailə başçısının itirilməsinə görə əmək pensiyası hüququ olan ailə üzvlərinin düzgün nəzərə alınmaması, vəfat etmiş şəxsin sığorta stajı üzrə hesablanmış pensiya məbləğinin ailə başçısının itirilməsinə görə əmək pensiyası hüququ olan ailə üzvləri arasında düzgün bölüşdürülməməsi, pensiyanın baza hissəsinin düzgün hesablanmaması kimi nöqsanlara yol verilib.

Pensiya islahatlarının aparılması və fərdi uçot sisteminin tətbiqi vəziyyəti araşdırılarkən müəyyən edilib ki, B1 formalı “Sığortaedənin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı” bəzi sığortaedənlər tərəfindən vaxtında təqdim edilmir ki, bu vəsaitlərin fərdi hesablara işlənilməsinə maneə yaradır. Palatanın DSMF-nin Lənkəran şəhər şöbəsi tərəfindən yol verilmiş nöqsanların nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmiş, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə müvafiq Təqdimat Lənkəran şəhər şöbəsinə, Kollegiya qərarının surəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.

Palata auditin nəticələri barədə Milli Məclisinə məlumat təqdim edildiyini də bəyan edib. 

Son xəbərlər

Orphus sistemi