Hesablama Palatası DSMF-nin Şəki şöbəsində yeyinti aşkar edib

Hesablama Palatası DSMF-nin Şəki şöbəsində yeyinti aşkar edib Qurumun kollegiya iclasında Azərbaycanın Tacikistandakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlə bağlı da müzakirələr olub
Maliyyə
20 Sentyabr , 2016 15:33
Hesablama Palatası DSMF-nin Şəki şöbəsində yeyinti aşkar edib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. 

Bu barədə “Report”a Palatadan bildirilib. 

Məlumata görə, iclasda həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

Müzakirə edilən məsələlər sırasında, dövlət büdcəsindən Azərbaycanın Tacikistandakı Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsi, dövlət büdcəsinin yerli xərclərindən Qaradağ rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair məsələlər olub.

Palatanın Kollegiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi tərəfindən əmək pensiyalarının, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin təyin olunması və ödənilməsi zamanı ciddi maliyyə pozuntularına yol verilməsi, eyni zamanda, Şəki şəhər İcra Hakimiyyəti Başçısının Şəki kəndindəki Nümayəndəliyi tərəfindən bir hal üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək hüquqi əsası olmayan və düzgün olmayan məlumatları əks etdirən, eləcə də əsaslılığı şübhə doğuran sənədlərin hazırlanması səbəbindən dövlətə zərər vurulması ehtimalını nəzərə alaraq müvafiq materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib.

İclasda digər audit tədbirləri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib. Kollegiya bir neçə nəzarət tədbirləri ilə proqramlara da dəyişiklik edib.

Son xəbərlər

Orphus sistemi