Hesablama Palatası DSMF-nin Mingəçevir şöbəsinin fəaliyyətində nöqsanlar aşkar edib

Hesablama Palatası DSMF-nin Mingəçevir şöbəsinin fəaliyyətində nöqsanlar aşkar edib Bakı. 19 dekabr. REPORT.AZ/ Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Mingəçevir şəhər şöbəsində apardığı auditin nəticələrini açıqlayıb.
Maliyyə
19 Dekabr , 2017 16:44
Hesablama Palatası DSMF-nin Mingəçevir şöbəsinin fəaliyyətində nöqsanlar aşkar edib
Hesablama Palatası / Report

Bakı. 19 dekabr. REPORT.AZ/ Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Mingəçevir şəhər şöbəsində apardığı auditin nəticələrini açıqlayıb.

“Report” quruma istinadən xəbər verir ki, bununla bağlı məlumat “Hesablama Palatası haqqında” qanuna əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə açıqlanıb.

Audit DSMF-nin yerli şöbəsinin 1 yanvar 2016-cı ildən 1 iyul 2017-ci ilə qədərki dövrdə fəaliyyətini əhatə edib. Təqdim edilmiş məlumatlara əsasən, 2016-cı ildə təsdiq edilmiş 8 015,5 min manat məbləğində proqnoza qarşı şöbə 6663,9 min manat vəsait yığıb və bununla da, proqnozu 83,1% icra edib.

Audit nəticəsində məlum olub ki, il yarım ərzində yeni pensiya təyinatlarının 102 ədədi (6,2%-i) üzrə sığorta stajını məhkəmə müəyyən edib, 138 pensiya işi üzrə (8,4%-i) pensiya təyinatı öhdəliyini Şəki İnzibati-İqtisad Məhkəməsi şöbəyə həvalə edib, 8 pensiya işi üzrə pensiya hüququna Apellyasiya məhkəməsi baxıb.

Şöbə pensiya təyinatı və ödənişi üzrə bəzi nöqsanlara yol verib, 2016-cı ilin oktyabr ayına qədər ərizələrin qeydiyyatı jurnalında pensiya təyinatı üçün müraciət edən şəxslərin müraciət etdiyi gündə deyil, pensiya təyin edən komissiyanın qərarının qəbul olunduğu tarixdə qeydiyyatdan keçirib, bir sıra hallarda pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sığorta) stajları haqqında məlumatlar, güzəştli iş stajına görə yaşa görə əmək pensiyası təyinatı zamanı güzəştli iş stajı tam dəqiqləşdirilmədən və bir sıra zəruri sənədlər olmadan pensiya təyinatı aparılıb.

Araşdırma zamanı müəyyən edilib ki, 2016-cı ildə və 2017-ci ilin aprel ayına qədər Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) heç bir əməkdaşa müayinə barədə tapşırıq göndəməyib, şöbədə heç bir işçinin gücləndirilmiş elektron imzası aktiv olmayıb, bütün təyinatlar ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilmədən aparılıb.

Auditin gedişində seçmə qaydada monitorinqlər təşkil edilib, nəticədə ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, pay torpağından gəlirlərin nəzərə alınmaması kimi ümumi nöqsanlarla yanaşı, ailənin istifadəsində avtomobilin olmasının VEMTAS tərəfindən aşkar edilməməsi kimi spesifik nöqsanlara da rast gəlinmişdir.

Hesablama Palatasının Kollegiyası şöbənin yol verdiyi nöqsanların qısa müddətdə aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə rəhbərliyə məlumat verilməsi məqsədilə DSMF-nin yerli şöbəsinə müvafiq təqdimat, ƏƏSMN-ə isə kollegiya qərarının surətini göndərib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib. 

Son xəbərlər

Orphus sistemi