​Hesablama Palatası bu ilin ilk yarısında 101 vəzifəli şəxsə xəbərdarlıq edib

​Hesablama Palatası bu ilin ilk yarısında 101 vəzifəli şəxsə xəbərdarlıq edib Məlumata görə, bu ilin iş planı üzrə nəticələrinə baxılmış nəzarət tədbirlərinin 32-si audit, 1-i isə analitik təhlil olub
Maliyyə
22 İyul , 2015 16:14
​Hesablama Palatası bu ilin ilk yarısında 101 vəzifəli şəxsə xəbərdarlıq edib

Bakı. 22 iyul. REPORT.AZ/ Hesablama Palatasının 2015-ci ilin 6 ayı ərzində kənar dövlət maliyyə nəzarətinin təmin olunması üzrə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı məlumat yayıb. 

"Report" xəbər verir ki, 2015-ci il üzrə İş planına əsasən, cari ilin 6 ayı ərzində 58 nəzarət tədbirinin başlanılması və 1-i 2014-cü ilin İş planına aid olmaqla 34 tədbirin nəticələri ilə bağlı kollegiya qərarları qəbul olunub.

Məlumata görə, bu ilin iş planı üzrə nəticələrinə baxılmış nəzarət tədbirlərinin 32-si audit, biri isə analitik təhlil olub.

Nəticələri müzakirə edilmiş 33 audit tədbiri ilə bağlı kollegiya qərarlarının icrasına dair qanunvericiliklə müəyyən olunmuş müddət çərçivəsində 28 nəzarət tədbiri üzrə məlumatlar daxil olub.

Həyata keçirilmiş 34 nəzarət tədbirindən biri dövlət büdcəsinin gəlirləri ilə yanaşı xərclərini, biri dövlət büdcəsinin xərcləri ilə birgə dövlət zəmanəti ilə alınmış kreditlər üzrə vəsaitləri, 29-u dövlət büdcəsinin xərclərini, 2-si Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəsaitlərini, biri Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcəsini əhatə edib.

Dövlət büdcəsinin xərclərini əhatə edən və nəticələri müzakirə edilmiş nəzarət tədbirlərinin ümumilikdə 2011-2014-cü illər üzrə olmaqla əhatə etdiyi vəsaitin məbləği ötən ilin müvafiq göstəricisi ilə eyni olsa da, hesabat dövründə DSMF-in büdcəsi üzrə 6,8 mln. manat və ARDNF-in 2014-cü il üzrə büdcəsi əhatə olunub. Əhatə edilmiş dövlət zəmanətli kredit vəsaitlərinin həcmi isə 25,6 mln. manat təşkil edib.

Dövlət büdcəsinin xərclərini əhatə edən nəzarət tədbirləri funksional təsnifatın 14 bölməsindən 9-nu əhatə etmiş, bu bölmələr arasında həm nəzarət tədbirlərinin sayı, həm də əhatə olunmuş məbləğ baxımından dövlət büdcəsinin funksional təsnifatının “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsi ən böyük xüsusi çəkiyə malik olub.

İqtisadi təsnifata gəldikdə isə, əhatə olunan vəsaitin 52,5%-ni cari xərclər, 47,5%-ni əsaslı xərclər təşkil edib. Audit tədbirlərinin əhatəsində daxil olan cari xərclərin 20,2%-i yəni cəmi vəsaitlərin 8,8%-i əməktutumlu xərclər olub.

Həyata keçirilmiş nəzarət tədbirlərinin əhatə etdiyi dövlət büdcəsi vəsaitlərinin 54,2%-i mərkəzi icra hakimiyyəti orqanları, 40,8%-i yerli icra hakimiyyəti orqanları və 5,0%-i digər dövlət qurumları tərəfindən icra edilib.

2015-ci ilin 6 ayı ərzində 107 Kollegiya qərarı qəbul edilib ki, onlardan 60-ı cari ilin İş planı əsasında həyata keçirilən nəzarət tədbirlərinin proqramları, 43-ü isə nəticələri ilə bağlı olub.

Nəticələri ilə bağlı qəbul edilmiş kollegiya qərarları əsasında 50 quruma təqdimat göndərilib. Həmin təqdimatların 34%-ni yerli icra hakimiyyəti orqanlarına aid olub.

Ötən illər üzrə qəbul olunmuş qərarların icrasının davamı olaraq və 2015-ci ilin hesabat dövründə görülmüş tədbirlərin nəticəsi kimi ümumilikdə 1564,3 min manat dövlət vəsaitinin bərpası təmin edilib ki, bu da ötən il üzrə müvafiq göstəricidən 5,2% çoxdur.

Hesabat dövründə təhvil verilməmiş 1309,1 min manat məbləğində çatışmayan və ya müqavilə öhdəliklərinin yerinə yetirilməsi təmin olunmayan inventar və avadanlıqların təhvil verilməsi, 352,5 min manat məbləğində iş və xidmətlərin görülməsi təmin edilib.

Maliyyə intizamının gücləndirilməsi, yol verilmiş nöqsanların aradan qaldırılması və nöqsanlara yol vermiş vəzifəli şəxslərlə bağlı göndərilmiş təqdimatların icrası olaraq 101 vəzifəli şəxslə bağlı müxtəlif intizam-tənbeh tədbirləri tətbiq edilib.

Bu ilin 6 ayı ərzində nəzarət tədbirlərinin əhatəsinə daxil olmuş satınalmaların ümumi məbləği 885,0 mln. manat təşkil edib. Ümumi məbləğdən 9,8 mln. manat satınalma prosedurları tətbiq edilmədən, 3,3 mln. manat isə təsdiq edilmiş məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı müqavilələrə bölünməklə həyata keçirilib. 

Son xəbərlər

Orphus sistemi