"Goldman Sachs" və "JP Morgan"ın rəhbərləri mərkəzi bankların işini qeyri-effektiv sayır

"Goldman Sachs" və "JP Morgan"ın rəhbərləri mərkəzi bankların işini qeyri-effektiv sayır Bank rəhbərləri bunu Vaşinqtonda keçirilən toplantıda bildiriblər
Maliyyə
8 Oktyabr , 2016 16:26
Goldman Sachs və JP Morganın rəhbərləri mərkəzi bankların işini qeyri-effektiv sayır

Bakı. 8 oktyabr. REPORT.AZ/ Müxtəlif ölkələrdə fəaliyyət göstərən mərkəzi bankların işi qeyri-effektivdir. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın "Goldman Sachs Group" bankının rəhbəri Geri Kon və "JP Morgan Chase & Co." bankının rəhbəri Ceyms Daymon çıxış bildiriblər.

Sonuncunun sözlərinə görə, mərkəzi bankların əllərindəki alətlər vasitəsilə qlobal iqtisadiyyata impuls vermək cəhdləri heç bir nəticə vermir, fiskal siyasət isə itkiləri kompensasiya etmək gücündə deyil. G.Kon isə öz növbəsində bəyan edib ki, mərkəzi banklar qlobal iqtisadi artımı ləngidir.

"Düşünmürəm ki, mərkəzi banklar hamısı eyni cür işləyir, lakin hesab edirəm ki, pul-kredit siyasətini tənzimləyən orqanlar hələ necə işləmək lazım olduğunu anlamağa çalışır. Həmçinin, vergi və pul-kredit sistemləri əlaqələndirilməyib. Fiskal və pul-kredit siyasəti düzgün həyata keçirilsə, əlavə iqtisadi artıma nail ola bilərik", - deyə C.Daymon qeyd edib. O, bunu paytaxt Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu və Dünya Bankının birgə illik toplantısında bildirib.

"Hazırda elə bir müstəqil ölkə yoxdur ki, təkcə öz ərazisində iqtisadi artımı təmin edəcək müstəqil mərkəzi banka sahib olsun. Biz qloballaşan və işçi qüvvəsini də qloballaşdıran dünyanı görürük. Pul-kredit siyasəti qlobal xarakter daşıyır", - deyə G.Kon bildirib.

Xatırladaq ki, ABŞ-ın mərkəzi bankı sayılan Federal Ehtiyat Sistemi hədəflədiyi inflyasiyaya nail olmaq və məşğulluğu təmin etmək üçün uçot dərəcəsini sabit saxlayır. Buna görə də, hökumət 2016-cı ilin sonuna qədər iqtisadi vəziyyətin yaxşılaşacağını gözləyir. Eyni siyasəti Avropa Mərkəzi Bankı da yürüdür və uçot dərəcəsinə toxunmur. Bununla belə, Beynəlxalq Valyuta Fondu dünyadakı iqtisadi artımla bağlı bu ilin iyulunda verdiyi proqnozu dəyişməyib. Qurum bəyan edib ki, qloballaşma fonunda yaranan siyasi gərginlik iqtisadi artımın ləngiməsinə səbəb ola bilər.

Son xəbərlər

Orphus sistemi