Yuxarı

​"Gəncəbank"ın əmanətçilərinə 1,5 mln. manat ödəniləcək - YENİLƏNİB

Əmanətlərin Sığortalanması Fondu sabahdan kompensasiyanın ödənilməsinə başlayır

İlk xəbər saat 11:58-də verilib

Bakı. 3 fevral. REPORT.AZ/ "Gəncəbank" ASC-nin əmanətçilərinə sığortalanmış əmanətlər üzrə kompensasiyaların ödənilməsinə fevralın 4-də başlanacaq. "Report" xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

A.Cavadovun sözlərinə görə, ümumilikdə 378 əmanətçi kompensasiya alacaq və bu kompensasiyanın məbləği 1,5 mln. manat olacaq.

ADIF rəhbəri kompensasiyaların "Rabitəbank", "Kapital Bank" və "Unibank" ASC vasitəsilə veriləcəyini də açıqlayıb: "Kompensasiyalar "Rabitəbank"ın Gəncə və Şəmkir filialları, "Unibank" Müştəri Xidmətləri bölməsi, "Kapital Bank"ın Bərdə filialında veriləcək".

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 24 yanvar 2016-cı il tarixli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib və Banka müvəqqəti inzibatçı təyin edilib.

***

"Gəncəbank"ın ümumilikdə 6 minə qədər əmanətçisi var və onlardan cəmi 500-ü aktivdir.

"Hesab edirəm ki, yaxın 5 gündə əmanətlər tam ödəniləcək. "Gəncəbank" bizə 1,9 mln. manatın verilməli olduğunu deyib. Biz isə onun yalnız 1,5 mln. manat hissəsini reyestrə salmışıq", - deyə A.Cavadov bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi