Yuxarı
    Bağlamaq

    ​Gələn il qlobal iqtisadiyyat 4%-dək artacaq

    İnkişaf etməkdə olan ölkələrin infrastrukturla bağlı tələbləri illik 1,5 trln. dollar təşkil edir

    Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu il qlobal iqtisadi artımın 3,3% təşkil edəcəyi, növbəti il isə bu göstəricinin 4%-dən aşağı olacağı gözlənilir. "Report"un məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının Vaşinqtonda keçirilən birgə illik toplantısında bildirilib. Toplantıda Azərbaycanı maliyyə nazirinin müavini Azər Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. 

    BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi illik toplantıda dünya iqtisadiyyatının cari vəziyyəti, gələcək siyasətin əsas istiqamətləri barədə müzakirələr aparılıb. BVF-nin icraçı direktoru Kristin Laqard çıxışında dünyada demoqrafiya, qeyri-bərabərlik, işsizlik və ekologiya ilə bağlı problemlərin daha da kəskinləşməsindən danışıb, 2008-ci il dünya maliyyə böhranından sonrakı bərpa prosesinə dəstəyin davam etməli olduğunu, həmçinin fiskal siyasətin mümkün qədər çox iş yerlərinin yaradılması və iqtisadi artıma yönəldilməsinin vacibliyini önə çəkib.

    Dünya Bankının prezidenti Cim Yen Kim isə ötən il Dünya Bankı tərəfindən ümumilikdə 60 mlrd. ABŞ dolları həcmində kredit və investisiya yatırıldığını, bunun 40%-nin infrastrukturun maliyyələşdirilməsinə yönəldildiyini qeyd edib. Bununla belə o, inkişaf etməkdə olan ölkələrin infrastrukturla bağlı tələblərinin illik 1-1,5 trln. dollar təşkil etdiyini və Dünya Bankının bu məqsədlə ayırdığı vəsaitin çox cüzi olduğunu nəzərə çatdırıb.

    Toplantı çərçivəsində maliyyə nazirinin müavini A.Bayramov Azərbaycanı Dünya Bankının Direktorlar Şurasında və BVF-nin Direktorlar Şurasında təmsil edən isveçrəli direktorlar Yorq Friden və Daniel Heller ilə görüşüb. Görüş zamanı BVF və Dünya Bankında fəaliyyət göstərən İsveçrədən olan direktorların ofisində Azərbaycan təmsilçiliyinin genişləndirilməsi, bu beynəlxalq qurumlarla əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub, ölkədə müşahidə olunan iqtisadi inkişaf, makroiqtisadi və maliyyə sabitliyi müsbət qiymətləndirilib, son illərdə əldə edilən uğurlar və gələcəkdə görüləcək işlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

    A.Bayramov həmçinin İsveçrənin “Swiss Re” təkrarsığorta şirkətinin vitse- prezidenti Andreas Pristav və icraçı direktoru Reto Şnarviller ilə görüşüb. Şirkət rəsmiləri Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını ifadə edərək əməkdaşlığın mümkün istiqamətləri barədə geniş təqdimatlar ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi