Yuxarı

Gələn il ​Azərbaycan dövlət büdcəsinin gəlirləri 6% artacaq

Büdcə xərcləri 5% artacaq, büdcə kəsiri isə 1% azalacaq

Bakı. 14 oktyabr. REPORT.AZ/. Gələn il üçün Azərbaycan dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 32,5%-i həcmində olmaqla, nominal ifadədə 19 438,0 mln. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3%-ni təşkil etməklə 21 100,0 mln. manat həcmində proqnozlaşdırılır. “Report”un Maliyyə Nazirliyinə istinadən xəbər verdiyi kimi, bu barədə 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrində göstərilir.

Gəlirlərin strukturunda Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7,112 mlrd. manat, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 1,590 mlrd. manat, büdcə təşkilatlarının büdcədənkənar gəlirləri 300 mln. manat, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 7 mln. manat, sair gəlirlər 41 mln. manat təşkil edəcək. Dövlət Neft Fondundan daxilolmalar 10,388 mlrd. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2014-cü ilin göstəricisindən 11,3% çoxdur. Qeyd edək ki, ümumilikdə büdcə gəlirləri illik müqayisədə 5,7% artıq proqnozlaşdırılır.

Xərclərin strukturunda 6,930 mlrd. manat (2014-cü illə müqayisədə 10,7% çox) dövlət əsaslı vəsait qoyuluşu, 2 046,5 mln. manat (+2,5%) ümumi dövlət xidmətləri, 2 040,5 mln. manat (-1,5%) sosial müdafiə və sosial təminat, 1 778,5 mln. manat (+8,6%) müdafiə xərcləri, 1 711,2 mln. manat (+3,5%) təhsil xərclərinin payına düşür. Qeyd edək ki, ümumi büdcə xərcləri illik müqayisədə 5,2% artıq proqnozlaşdırılır.

Beləliklə, 2015-ci ilin dövlət büdcəsində 1,662 mlrd. manat həcmində kəsir nəzərdə tutulur ki, bu da 2014-cü il üçün proqnozlaşdırılan kəsirdən 1% azdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi