Yuxarı

​"Fitch" Səudiyyə Ərəbistanının reytinqini azaldıb

Reytinq üzrə proqnoz isə neqativdə saxlanılıb

Bakı. 12 aprel. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Səudiyyə Ərəbistanının yerli və xarici valyutada olan emitentin uzunmüddətli defolt reytinqini (İDR) "AA" səviyyəsindən "AA-" səviyyəsinə endirib, proqnozu isə "neqativ"də saxlayıb. 

"Report" xəbər verir ki, "Fitch" bu qərarı neft qiymətləri üzrə 2016-2017-ci illər üçün proqnozlarını müvafiq olaraq 35 və 45 dollar/barelə endirməsi səbəbindən Səudiyyə Ərəbistanının fiskal və tədiyyə balansına mənfi təsir edəcəyinə görə qəbul edib. Agentlik öz hesabatında bildirib ki, 2015-ci ildə ölkənin büdcə kəsiri ÜDM-in 14,8%-nə yüksəlib, halbuki 2014-cü ildə bu göstərici 2,3% olub. "Fitch" büdcə kəsirinin ÜDM-ə nisbətinin ancaq 2017-ci ildə yaxşılaşa biləcəyini qeyd edir.

Ölkənin xarici borcunun 2016-cı ildə daha da artacağı və 2017-ci ildə ÜDM-də xüsusi çəkisinin 9,4%-ə çatacağı bildirilib. Qeyd edək ki, bu göstərici 2014-cü ildə 1,5% olub.

Eyni zamanda bildirilir ki, Səudiyyə Ərəbistanının xarici valyuta aktivlərinin ÜDM-ə nisbəti 2014-cü ildə 113% olduğu halda, 2017-ci ildə 78%-ə qədər azalacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi